Nəsimi Musayev harada, çempionluq orada!

2024-cü il də Azərbaycan güləş tarixində xüsusi yer tutacaq. Böyük uğurlar yoluna yenidən qədəm qoymuş bahadırlarımız idman tarixində yeni səhifələr açıblar. Hadisələrlə zəngin mövsümün əvvəlində, fevralda Rumıniya paytaxtı Buxarestdə Avropa çempionatında “klassiklər” növbəti rekorda nail olub. 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan bahadırlarımız, əyara görə, Avropa çempionatlarında ən yaxşı nəticəsini göstərib. Komandamız ilk dəfə bu yarışda 3 qızıl mükafata yiyələnib və 142 xalla ardıcıl 2-ci dəfə yekun sıralamada 2-ci pillədə qərarlaşıb, çempion Türkiyədən cəmi 5 xal geri qalıb.

Qadınlarda dünya güləşinin öncüllərində olan Mariya Stadnik həlledici görüşdə türkiyəli həmkarına 10:0 qalib gələrək, 10-cu dəfə qitə 1-cisi adını qazanıb, bu göstəricidə bir qədər də əlçatmaz olub.
Avropa çempionatlarının 3-qat bürünc medalçısı Alyona Kolesnik isə, ilk dəfə baş mükafata yiyələnib.
Buxarestdə sərbəst güləşçilər də borclu qalmayıblar: 10 nəfərdən 7-si fəxri kürsüyə qalxıb. 1 gümüş və 6 bürünc medal qazanan millimiz, 122 xalla komanda hesabında Avropa 3-cüsü olub.

Mart ayında “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Cavanşir Qurbanov, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyevin 100-illiyi” (1923-2023) yubiley medalı ilə təltif olunub. Dünyaca məşhur güləş ustadına mükafatı Yasamal rayonu icra başçısı Elşad Həsənov və bu rayonun millət vəkili Ülvi Quliyev təqdim ediblər.

Apreldə “Köhnə qitə”də gözlər Bakıya, Milli gimnastika arenasına dikildi. Avropa olimpiya təsnifatı bizim üçün ürəkaçan başlamasa da, mübarizənin 3-cü günündə sərbəst güləşçilərimiz 5/5 edərək Paris-2024-ə vəsiqələrin sayını tam etdilər.
Paytaxtda lisenziyanın bir addımlığında büdrəyən Mafiya Stadnik, İstanbulda dünya olimpiya ələməsində istəyinə çataraq, 5-ci dəfə “dördilliy”ə lisenziya qazandı.
Yunan-Roma güləşçilərimiz də gözləniləndən daha uğurlu çıxış edərək 4 vəsəqəyə yiyələndilər.

Azərbaycan güləş hakimliyi növbəti uğura nail olub. Rumıniyada imtahanların yekunlarına əsasən, 2 milli dərəcəli referi beynəlxalq ad alıb – bunca ədalət təmsilçilərimizin sayı 25-ə yetib. Hazırda I-S dərəcəli 2, I dərəcəli 10, II dərəcəli 6, III dərəcəli 7 güləş hakimimiz var. Azərbaycan hakimlər kollegiyasının sədri Qərib Əliyev də bu istiqamətdə iş aparır.
Yeri gəlmişkən, Asif Şirəliyev 2-ci dəfə olimpiya oyunlarında ölkəmizi təmsil edəcək. Ümumilikdə, 39 referi Paris-24-də iş başında olacaq.

Mayda paytaxtımızda keçirilmiş U-23 Avropa çempionatında yunan-Roma güləşçilər 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq, 163 xal ilə ilk dəfə komanda hesabında qalib oldu. Eyni yarışda toplanan xallara görə də özünün ən yaxşı nəticəsini gerçəkləşdirən millimiz, ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqladı. Türkiyə 135 xalla 3-cü yeri tutdu.
Qadınlar bu yarışı 1 dəst medalla başa vurdu. 76 xal toplayan Azərbaycan ilk dəfə komanda hesabında 3-cü yeri tutdu.
Sərbəst güləş millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medala yəyələndilər. 137 xal ilə komanda hesabında Avropa çempionu oldular.

O da həqiqətdir ki, zirvədəki yeri qorumaq, onu fəth etməkdən qat-qat çətindir. Bu səbəbdən də, Azərbaycan güləş federasiyasında işlərin istiqaməti şaxələnir, yeni yollar aranır. Bakı ilə yanaşı, bölgələrdə də inkişaf üçün əməli tədbirlər həyata keçirilir ki, beynəlxalq yarışlarda onlar da diqqət çəkən nailiyyətlər qazansınlar. Bunun nəticəsi olaraq, ötən həftə Serbiyanın Novı Sad şəhərində yeniyetmələrin qitə birinciliyində yunan-Roma güləşində 10 tağım üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazandı və Azərbaycan 183 xalla komanda hesabında zirvədə qərarlaşdı! Millimiz 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqladı. Cəmdə isə, 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü oldu. Bu yarışda medalların sayına və toplanan xallara görə də yeni rekorda müəyyənləşdi.
Ənənə üzrə sərbəst güləşçilər də öz sözlərini deyiblər. 2 dəst medal qazanan millimiz 160 xal toplayaraq komanda hesabında çempion olub! Bizimkilər 2-ci pillədə Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119) 3-cü yeri tutub.

Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu uğurların qazanılmasında mütəxəssislərimizin də əməyi danılmazdır. Sərbəst güləşdə əsas millidə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifov; gənclərdə böyük məşqçi Arif Abdullayev, məşqçilər Nazim Əlicanov, Rövşən Hacıyev, Əşrəf Əliyev; yeniyetmələrdə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev; U-15-də məşqçi Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovu, yunan-Roma güləşində ustalarda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov; gənclərdə böyük məşqçi Nurəddin Rəcəbov, məqşçilər Turac Hüseynli, Emin Əhmədov, Zöhrab Abbasov; yeniyetmələrdə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev, Elbrus Məmmədov, Nazim Əhmədov, U-15-də məqşçilər Əbülfət Məmmədov və İlham Vəzirovu, qadınlarda böyük məşqçi Toğrul Əsgərov, məşqçi Ağahüseyn Müstafayev; gənclərdə böyük məşqçi Rövşən Umudov, Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanı və çimərlik güləşində çalışdırıcı Oyan Nəzərlini, özəlliklə, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Elçin Cəfərovu dəyərləndirmək lazımdır.

Söz yox ki, həyat davam edir və onun öz tələbləri var: vəzifələri, məqsədləri və hədəflər isə bəllidir. Şübhəsiz ki, böyük qələbələrdə, başda Mikayıl Cabbarov olmaqla, AGF-in indiki rəhbərliyinin əməyi danılmazdır. Öncə federasiya prezidenti, rəhmətlik Fazil Məmmədovun təkmilləşdirdiyi sistemi bir qədər inkişaf etdirərək, dünya arenasında güləşimizin mövqeyini möhkəmləndirir, eyni zamanda, tarixi keçmişinin həqiqətlərini bərpa edir, qədim və zəngin adət-ənənələr məktəbinə söykənən bahadırlar yurdu olduğunu bir daha nümayiş etdirir.

Əvvəlki komandanın nümayəndəsi, Dünya güləş birliyinin büro üzvü Namiq Əliyevin yurd dışında böyük nüfuzu var. Onun uğurlu siyasəti nətəcəsində, son dönəmlər böyük yarışlar yenidən Odlar yurdunda məskən salıb.
Olimpiya çempionları – Namiq AbdullayevFərid Mansurov, eləcə də icraiyyə komitəsinin digər üzvü Vasif Məmmədov daim komandalara nəzarət edirlər, vaxtaşırı onlarla birgə təlim-məşq toplanışlarında, səfərlərdədirlər.

Bu zəfərdə isimsiz qəhrəmanlar da var. AGF-in baş katibi Nəsimi Musayev və onun müavini Orxan Məmmədov, ali rəhbərliyinin müşaviri Rəşad Əlizadə bu qəbildəndir. Adı ilk çəkilən mütəxəssis hansı idman növündə çalışıbsa, orada nəticə olub. “Rabitə” klubunda aparıcı şəxs olarkən, qadın voleybolçularımız dəfələrlə çempionlar liqasında “dördlər finalı”nda mükafatçılar sırasına düşüb, 2011-ci ildə FİVB klublar arasında dünya çempionluğunu yaşayıb.
Nəsimi müəllim badminton federasiyasında baş katib olduğu dönəmdə, ilk dəfə bu növdə olimpiya oyunlarına vəsiqə qazanılıb. İdmançımız Edi Reski debüt etməsinə rəğmən, qrupda ilk görüşü qələbə ilə başa vurub.
Hazırda “Sabah” basketbol komandasında məsul vəzifə daşıyır. Bu klub elə debüt ilində ölkə çempionu oldu. 18 ildən sonra FİBA Avropa kubokunda mübarizə apardı. Skopye seçimində 3 qələbə ilə Azərbaycan tarixində ilk dəfə müntəzəm mövsümə vəsiqə qazandı.
“Sabah” futbol klubunun formalaşaraq, inkişaf edib avrokuboka yüksəlməsində də onun zəhməti var.

Bu uğurlar güləş tariximizdə yeni səhifələrlə yer alacaq. Lakin digər idman növlərində olduğu kimi, böyük nailiyyətlərin özünün də, hər 4 ildən bir, başqa və tam fərqli böyük sınaq meydanı var. Bu, olimpiya oyunlarıdır. Azərbaycanda tarixi ənənələri olan bir növün üzərinə isə bu mənada böyük yük düşür. Hər dəfə uğurdan söz düşəndə, ilk növbədə, bahadırlarımızın adları çəkilir. Üstəlik, pəhləvanlarımız müstəqilliyimiz dövründə hər olimpiadada vətənə uğur payı bəxş etməklə, bunun əsassız olmadığını göstəriblər. Digər tərəfdən, olimpiya uğurları təkcə zəfər anı deyil. Bu, hər ötən dövrün hesabat məqamı, ələlxüsus da cəmiyyətdə oynadığı rola görə həm də milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla, inkişaf səviyyəsinin göstəricisidir. Demək, hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu nəticələrin imtahan məqamı 25 gün sonra qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, Paris-2024 deyəcək.

Kamran HACI

Həmin kateqoriyadan