Namiq Abdullayev yenə əlçatmaz oldu

Tokio-2020 artıq tarixin yaddaşına köçdü. XXXII yay olimpiya oyunlarında bizimkilər 3 gümüş və 4 bürünc medalla mübarizəni 67-ci yerdə bitirdi. Allsport.az saytının məlumatına görə, fəxri kürsü sevincini cəmi 93 ölkə yaşadı. Maraqlıdır ki, 2000-ci ildə Sidneyə bayraqdar kimi yollanan, orada “gümüş”ünü “qızıl”a çevirən Namiq Abdullayevin hər 2 istiqamətdə uğuru, nəinki təkrarlandı, ona heç yaxın düşən olmadı.

Düzdür, Rio-2016-da 2-ci yer tutan Toğrul Əsgərovun da əyarı əfsanəvi sərbəst güləşçi ilə eynidir, amma 28 yaşlı gəncəli idmançı dünya çempionatında 1 final və 1 Avropa çempionluğu həyacanı yaşayıb. Namiqdə isə, 3 dünya 2-ciliyi və 3 Avropa qızılı; üstəlik, dünya kubokuna sahiblənib. Hazırda onun yüksək hazırlıq səviyyəsindən uzaq olduğunu nəzərə alsaq, bu yaxın illərdə dünya çempionatında nəinki 1-ci yer tutması, heç iştirakı inandırıcı görünmür.

Olimpiadalarda böyük uğur qazanan stend atıcısı Zemfira Meftəhədinova (1 qızıl, 1 bürünc), yunan-Roma güləşçisi Fərid Mansurov (1 qızıl), cüdoçu Elnur Məmmədli (1 qızıl), “klassik” üsulda Rövşən Bayramov (2 gümüş) və sərbəst güləşçi Hetaq Qazyumov (1 gümüş, 2 bürünc) karyeralarını başa vurduqlarından, onların nəticələrini yaxşılaşdıra bilməyəcəkləri dəqiqdir.

Buna şərti imkanı qalan sərbəst güləşçi Şərif Şərifov (1 qızıl, 1 bürünc), taekvondoçu Radik İsayev (qızıl) və qadın güləşçi Mariya Stadnik (2 gümüş, 2 bürünc) çıxışlarını dayandırmamalıdırlar. Adı ilk və 3-cü çəkilən legionçuların 32, digərinin 31 yaşları var. Paris-2024 isə, Allah qoysa, 3 ildən sonra başlayacaq. Ona qədər bu idmançıların peşələrində qalıb-qalmayacaqları bilinmir.

Rio-2016-da gümüş medala sahib çıxmış avarçəkən Valentin Demyanenkonun (37 yaş) medal boxçasında 4 dünya və 3 qitə çempionluğu olsa da, o, olimpiadadan sonra vətəni Ukraynaya dönüb, karyerasını başa vurub.

Həmin oyunlarda 2-ci yer tutan cüdoçu Rüstəm Orucovla (29 yaş) Elmar Qasımov (30 yaş), eləcə də boksçu Lorenso Sotomayor (36 yaş) Tokio-2020-də əliboş qaldılar. Onlar dönəmlərinin qürub cağını yaşayırlar, üstəlik hesablarında “dünya qızılı” da yoxdur.

Tokio-2020-də karatedə gümüş medal qazanan Rəfael Ağayevİrina Zaretskanın dünya və qitə çempionluğu olmasına rəğmən, bu idman növünün Paris-2024-ə proqrama salınacağı sual altındadır.

Yaponiyada finala çıxmaqla, Rio-2016-dakı (bürünc) nəticəsini yaxşılaşdıran sərbəst güləşçi Hacı Əliyev çətin ki, növbəti dördilliyə qala. Hazıra onun 30 yaşı var və açıqlamasında karyerasına yaxın gələcəkdə son qoyacağını eyhamlayıb.

Kamran HACI

Həmin kateqoriyadan

azenrutr