Nurlan Novruzovla Ruslan Tağızadənin “Boluspor”a keçidi alınmadı, baş məşqçi istefa verdi

Son günlər azərbaycanlı futbolçuların – Ruslan Tağızadə ilə Nurlan Novruzovun Türkiyənin “Boluspor” klubuna keçidi gündəmdə idi. Allsport.az xəbər verir ki, onların qardaş ölkənin PTT 1-ci liqa klubuna transferi baş tutmayıb.

Öncə onların tibbi müayinədən və testlərdən uğurla keçə bilmədiklərinə görə komandadan göndərildiyi bildirilirdi. Lakin sonradan buna baş məşqçi Ümit Özatın istefasının səbəb olduğu açıqlanırdı. Belə ki, hər iki futbolçumuzu Boluya məhz o dəvət edibmiş. Amma Özatın gözlənilməz istefasından sonra klub rəhbərliyi azərbaycanlı futbolçularla da müqavilə imzalamaqdan imtina edib.

Artıq Türkiyə mətbuatı azərbaycanlı futbolçuların “Boluspor”a transferinin baş tutmamasının və baş məşqçi Ümit Özatın istefasının əsl səbəblərini açıqlayıb. “BoluExpress” portalı məsələyə belə aydınlıq gətirib:

“Ümit Özat komandaya 8 yeni oyunçunun alınmasının vacibliyini açıqlasa da, klub rəhbərliyi onun bu istəyini yerinə yetirmək üçün heç bir addım atmırdı. Belə olan halda Özat klub rəhbərliyindən xəbərsiz Azərbaycandan iki oyunçunu – Ruslan Tağızadə ilə Nurlan Novruzovu Boluya dəvət edib. Hətta onların Türkiyəyə gəlməsi üçün bilet pullarını, səfər xərclərini də mütəxəssis öz vəsaiti hesabına ödəyib. Amma klub rəhbərliyi azərbaycanlı futbolçuların transferinə qarşı çıxıb. Belədə tərəflər arasında mübahisə yaşanıb. Özat rəhbərliyin onun istəklərini nəzərə almadığını, istədiyi transferləri etmədiyini əsas gətirərək, istefa verdiyini açıqlayıb. Bir sözlə, baş məşqçinin istefasına Azərbaycandan gələn oyunçuların səbəb olduğu bildirilir”.

Həmin kateqoriyadan