Orxan Məmmədov: “Biz demək olar ki, səhv etmədən qələbə qazandıq”

“Möhtərəm cənab prezident, icazə verin, federasiyamız, bütün futbolçularımız və məşqçi heyəti adından sizə dərin təşəkkürümü bildirim. Bu gün bizim üçün çox şərəfli bir gündür. Çünki Siz də doğru qeyd etdiniz, futbolçularımız öz halal zəhməti ilə kuboku Sizin qarşınıza gətiriblər. Biz doğrudan da çox şadıq və Sizi əmin etmək istəyirik ki, bundan sonra da var gücümüzlə çalışacağıq bu qələbələr ardıcıl olsun”.

Allsport.az saytı xəbər verir ki, bu sözüi Azərbaycan minifutbol federasiyasının fəxri prezidenti Orxan Məmmədov ölkə başçısı İlham Əliyevin qəbulunda olarkən deyib. O, minifutbol yığmamızın Slovakiyada keçirilən Avropa çempionatının qalibi olmasına qədər keçdiyi yoldan danışıb: 

“Minifutbol qeyri-peşəkar idman növü olsa da, əhali arasında çox geniş yayılıb. Biz 2017-ci ildə qərara gəldik ki, federasiyanı yaradaq və 2018-ci ildə artıq həm dünya, həm də Avropa minifutbol federasilarına üzv seçildik. 2018-ci ildə Ukraynada keçirilən Avropa çempionatına qatıldıq və orada iştirak etmək bizim üçün çox böyük təcrübə oldu. Bildiyiniz kimi, pandemiya dövründə qapanmalar oldu, amma biz məşqləri dayandırmadıq, xüsusilə bu çempionata hazırlaşırdıq.

Bu çempionat başlayanda biz artıq tam hazır idik. Əlbəttə ki, bizim üçün iştirak əsas idi. Siz düzgün vurğuladınız, bu, futbolçularımız üçün böyük bir təcrübə idi. Amma hər oyunda qazandığımız qələbə bizim həvəsimizi artırırdı. Birinci oyunumuzu Avropa çempionlarına – Rumıniyaya qarşı uduzduq.

Amma sonra İspaniyaya qarşı möhtəşəm qələbə qazandıq və biz başqa ölkələrin komandalarını üstələdik. Xüsusilə finalda yenə də rumınlarla üzləşdik. Əlbəttə ki, burada məşqçinin super taktiki gedişlərinin bəhrəsini gördük. Orada bunu rəqiblərimiz də vurğuladılar. Biz demək olar ki, səhv etmədən qələbə qazandıq”.

Həmin kateqoriyadan