- Baxış sayı: 17
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 45
- Noyabr 21, 2024
- 0
Gənclər və idman naziri Fərid Qayıbovun 2021-ci ilin sentyabrından təyin olunduğu dövrdən bəri fəaliyyətində müsbət məqamlar da var. Bunlara misal olaraq, Dərnəgüldə yerləşən voleybol mərkəzinin GİN-in nəzdinə keçərək yenidən bu idman növünün ixtiyarına verilməsini, qapalı bazara çevrilməkdə olan “ABU-arena”nı həndbol federasiyasına qaytarılmasını, “Ekselsior” mehmanxanasının ərazisində yerləşən güləş olimpiya mərkəzindən milli komandaların çıxmaq təhlükəsinin qarşısını almasını və “Şəfa” stadionunun sökülərək yerində bina tikilmə planına qarşı çıxmasını göstərmək olar.
Bundan ümidlənən otüstü xokkey camiyəsi allsport.az-a müraciət edərək, bu olimpiya idman növünə də nəfəs verib-verməyəcəyi ilə maraqlanıblar, adı çəkilən məsələ barədə nazirə sual ünvanlamağımızı istəyiblər. Fərid Qayıbov həmin durumla bağlı bunu dedi: “Təbii ki, biz otüstü xokkeyin bərpa olunmasını istəyirik. Amma bununla əlaqədar federasiyası yaranmalı, işlər görülməlidir. Bu, ictimai birlik olacaq. Nazirliyin işi dəstək olmaqdır. Hazırda gündəlikdə belə söhbət yoxdur. Ancaq biz bunu çox istəyirik.
Bu mövzu hər zaman aktualdır. Bütün idman növləri həmişə diqqətimizdə olmalıdır. Təssüfflər olsun ki, müəyyən problemlərdən sonra, bu idman növündə federasiya bağlanmışdır. Fürsətdən istifadə edib, üzümü idmana dəstək olan iş adamlarına və otüstü xokkey sevərlərə tuturam: bir araya gəlib, bu federasiyanın yenidən yaradılmasında iştirak edə bilərsiniz. Biz də öz növbəmizdə dəstək göstərəcəyik”.
Xatırladaq ki, zamanında qadın millimiz dünya sıralamasında 11-ci yerdə qərarlaşıb. Bu nəticə top oyunlarında indiyədək ən yüksək sayılır.