“Qəbələ” “Apollon”la oyunun hazırlığına başladı

“Qəbələ” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə ilk oyununun hazırlıqlarına start verib. Allsport.az xəbər verir ki, Serbiyanın “Çukariçki” klubu ilə ikinci təsnifat mərhələsinin Bakıdakı cavab qarşılaşmasının (2:0) ardından iki gün istirahətə buraxılan “qırmızı-qaralar” paytaxtda bir araya gəlib.

Ötən gün baş tutan axşam məşqi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilib. Roman Qriqorçukun komandası isinmə hərəkətləri ilə başladığı hazırlığı toplu çalışmalarla davam etdirib. Məşqdə bütün futbolçular iştirak edib. “Qəbələ” iyulun 30-da Kiprin Larnaka şəhərində keçiriləcək qarşılaşmanın hazırlığını Bakda davam etdirəcək. Komanda sabah axşam məşqini də Bakıxanov qəsəbə stadionunda gerçəkləşdirəcək.

Xatırladaq ki, “Apollon” – “Qəbələ” oyunu iyulun 30-da Larnakadakı “Antonis Papadopulos” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Həmin kateqoriyadan