- Baxış sayı: 36
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin əvəzedici komandası 2015/16 mövsümünün hazırlığını tamamlayıb. Allsport.az xəbər verir ki, Ramin Quliyevin çalışdırdığı komanda artıq yeni mövsümün ilk turunun “Qarabağ”la qarşılaşmasına hazırlaşır.
Əvəzedicilər Qəbələdə baş tutan 4 həftəlik, mərhələli təlim-məşq toplanışına iyulun 1-də start verib. Hazırlıq dövründə 4 yoxlama oyunu keçirən komanda bütün qarşılaşmalarda qalib gəlib. İlk yoxlama matçını ayın 16-da keçirən Quliyevin komandası Azərbaycanın U-19 millisini 2:1 hesabı ilə məğlub edib. Həmin görüşdə Əli Əlizadə və Ülvi İbazadə fərqləniblər.
İki gün sonra “Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələn komanda 2:0 hesabı ilə qalib gəlib. Bu dəfə İbazadə və Baxşəli Baxşəliyev rəqib qapısına yol tapıblar.
İyulun 24-də Bakıda “İnter”in əvəzedicilərinin qonağı olan “Qəbələ” növbəti qələbəsini qazanıb 2:1. Qəbələlilər rəqibi Şamil Camaləddinov və Ehtiram Şahverdiyevin qolları ilə məğlub ediblər.
İyulun son gününə təsadüf edən 4-cü yoxlama oyununda rəqib bu mövsüm Premyer Liqada mübarizə aparacaq “Rəvan” olub. “Qırmızı-qaralar” görüşün taleyini ilk yarıda həll edib. Sahil Mirzəyev, Elvin Camalov, Roman Hüseynov, Emin Zamanov və Ehtiram Şahverdiyevin qolları ilk 45 dəqiqənin nəticəsini rəsmiləşdirib – 5:0. Fasilədə heyəti dəyişərək, daha çox gənclərə güvənən Quliyevin komandası matçı 6:3 hesablı qələbə ilə başa vurub. Komandanın son qolunu “Qəbələ” akademiyasının U-17-dən cəlb olunan Rövlan Muradov vurub.
O, mövsümlərarası fasilədə əvəzedici heyətə qatılan 10 futbolçudan biridir. Onunla yanaşı, akademiyanın U-17 komandasından Hacıağa Hacılı, Amin Seydiyev və Baxşəli Baxşəliyev də Quliyevin rəhbərliyi altında çıxış edəcək. Əli Əlizadə, Elmiz İsmayılov, Əziz İsmayılov, Süleyman Süleymanov isə klubun U-19 komandasından cəlb olunub. Bakı “İnter”indən heyətə qatılan Ülvi İbazadə və sabiq “Simurq”lu Yusif Dilanov da yoxlama oyunlarında şans qazanıblar.