“Qəbələ”dən böyükhesablı qələbə

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Çukariçki” (Serbiya) ilə cavab oyununa hazırlıqları davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, hazırlıqlarını Qəbələ stadionunda davam etdirən “qırmızı-qaralar” əvəzedici komanda ilə matçda qüvvəsini sınayıb.

Roman Qriqorçukun komandası qarşılaşmaya aşağıdakı start heyəti ilə çıxıb: Dmitri Bezotosnı, Rafael Santos, Vojislav Stankoviç, Ürfan Abbasov, Rikardinyo, Aleksey Qay, Rəşad Sadiqov, Dodo, Cavid Hüseynov, Sergey Zenyov, Aleksey Antonov.

Qriqorçuk oyunun gedişində sərəncamında olan futbolçuların çoxuna şans verib. Belə ki, Andrey Popoviç, Georgi Floresku, Vitali Vernidub, Elvin Camalov, Roman Hüseynov, Murad Musayev, Asif Məmmədov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Samir Zərgərov və Qismət Alıyev meydana daxil olub.

“Qəbələ” əvəzediciləri ilə bu qarşılaşmada 5:1 hesabı ilə qalib gəlib. Oyunun ilk yarısında Aleksey Antonov iki, Dodo bir qol vurub. Fasilədən sonra əvəzedicilər bir dəfə fərqlənsə də, Roman Hüseynovun dublu ilə böyükhesablı qələbə qeydə alınıb.

Qeyd edək ki, “Çukariçki” ilə matçın Qəbələdəki hazırlıqlarını bu oyunla yekunlaşdıran “qırmızı-qaralar” bu gün Bakıya yola düşəcək. Qəbələ təmsilçisi iyulun 23-dəki qarşılaşmanın hazırlığını paytaxtda tamamlayacaq.

Həmin kateqoriyadan