- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün “Qarabağ”ın inzibati binasında Ağdam klubu üçün əlindən gələn dəstəyi əsirgəməyən Tomas Qolts və Şakir Eminbəyli üçün mətubat konfransı baş tutub. Allsport.az xəbər verir ki, mətbuat konfransı “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin nitqi ilə başlayıb.
Baş verənlərdən xəbərsiz olan Tomas Qolts və Şakir Eminbəyli vitse-prezident Tahir Gözəl tərəfindən media mənsublarına təqdim olunub və onlara “Qarabağ” üçün göstərdikləri xidmətlər qarşılığında təşəkkür plaketi və “2” nömrəli forma hədiyyə olunub. “2” nömrəsinin açıqlaması isə Ağdam rayonunun seriya nömrəsi olmasıdır.
Daha sonra media mənsubları ilə öz fikirlərini paylaşan Tomas Qolts və Şakir Eminbəyli onların suallarını cavablandırıb. Sonda isə tikilməkdə olan yeni stadion haqqında media mənsublarına məlumat verilib.
“Qarabağ” bu gün ən uğurla futbol oynayan və ən vacibi Qarabağın adını dünyaya Azərbaycan parçası kimi təqdim edən çox önəmli klubdur”. Bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.
Vitse-prezident çıxışına belə davam edib: “Hüquqlarımızı tanıdarkən yanımızda ürəklərini Azərbaycana verən dostlarımız var. Bunlardan biri əziz dostum Tomas Qoltsdur. O, Azərbaycanın dünyada tanınmasında böyük zəhməti olan insandır. Bunda köməyi dəyən Şakir Eminbəyliyə də minnətdaram. Bu dəstəyə istədim ki, hədiyyələrimizlə cavab verək. Bu filmin baş qəhrəmanı bizlərə bu cür ölkə bəxş edən Heydər Əliyevdir. Azərbaycan sülh içində yaşayırsa, bunda onun rolu danılmazdır”.
Tahir Gözəl manatın dəyərinin düşməsinin “Qarabağ”a təsir etməyəcəyini vurğulayıb: “Pulun dəyərinin itməsi məsələsi dünyada olan bir hadisədir. Avro dollar qarşısında 25 faiz dəyərini itirdi. İndi dünyada çətin bir dövrdür. Amma “Qarabağ”ın büdcəsinə heç bir təsiri olmayıb. “Qarabağ” fenomendir”.
“Neftçi”nin idarəçiliyində edilən dəyişiklik barədə danışan Tahir Gözəl “Qarabağ”da bu baxımdan hər hansı bir dəyişiklik etməyəcəklərini əlavə edib: “Neftçi”nin qərarından xəbərdaram. Ordakı insanlar öz işlərində uğur qazanmış şəxsiyyətlərdir. İnanıram ki, uğurlu olacaqlar, ağıllı insanlardır. Biz ürəyimizi “Qarabağ”a vermişik, bu ayrı. Amma “Neftçi” də önəmli klubdur. Mənim üçün “Neftçi” – “Qarabağ” oyunu şirlər savaşıdır. Amma biz sistemimizdən razıyıq. Bir ailə olmuşuq. Biz belə bir dəyişiklik etmək fikrində deyilik”.
Çıxışdan sonra Gözəl Qoltsa üzərində öz adı yazılan “Qarabağ”ın formasını təqdim edib. Həmçinin bu işdə Qoltsa kömək olan jurnalist Şakir Eminbəyli də mükafatlandırılıb.
Daha sonra Tomas Qolts öz təəssüratlarını Azərbaycan dilində bölüşüb: “Çox böyük sürpriz oldu. Yol uzun və şərəflidir. Biz bu yolda getdiyimiz üçün sevinirik. Əvvəllər futbolda heç ofsaydın nə olduğunu bilmirdim. İndi də mütəxəssis deyiləm. Amma artq çox şey öyrənmişəm. Burda mənə özünəinam verdilər. Klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Avropa Liqasnda “İnter”lə oyunda “Qarabağ”ın qolunu saymadıqları üçün ürəyim ağrımışdı. O anı hələ də unuda bilmirəm. Bu, bir qalmaqal, Ağdam klubuna qarşı haqsızlıq idi. Biz bir film yaratmışıq. Təəssüf ki, o nəticə bu film üçün dramatik bir sonu gətirdi. Hər il Xocalı ilə bağlı konfranslar olur. Amma bu klub Qarabağı bütün Avropada tanıtdı. Futbol klubu göstərdiyi nəticələrlə adından söz etdirdi. Başqa bir filmdə qaçqın düşərgələrindən çəkilişlər edilmişdi”.
Qolts ardından filmdə nələrin olduğundan bəhs edib: “Bizə dəstək verən bir təşkilat oldu. Bu filmin təqdimatı olacaq. Film guya futbol komandası haqqında çəkilib. Amma sırf futbol filmi deyil. 1993-cü ildə “İmarət” stadionunda olan son oyunla bağlı danışılıb. Quzanlıda gəzmişik, şəraitlə tanış olmuşuq. Futbol, sadəcə bir yemdi, biz başqa məqamlara da ciddi şəkildə toxunmuşuq”.
Şakir Eminbəyli də mükafata görə təşəkkürünü bildirdikdən sonra film barədə məlumat verib: “Qarabağ”ın başında duran insanlara təşəkkür edirəm. “Qarabağ”ın bu səviyyəyə gəlməsində hər kəsin müstəsna rolu var. Mənim də klubun içində olmağıma şərait yaratdığınız üçün təşəkkür edirəm. Dünyada komandası olmayan on minlərlə şəhər var. Amma şəhəri olmayan komanda azdır. Filmin təəssüratı budur. Film ingiliscədir. Bəzi futbolçularımızın da müsahibəsi var. Sabah artıq təqdim edəcəyik. Bu, sənədli filmdir. Bu film futbol klubu üzərində bütün maraqları əhatə edir. Şəhəri olmayan və bu səviyyəyə çatan bir komandadan bəhs edilir. Təki “Qarabağ”ın Avropada nailiyyəti daha böyük olsun, hətta sənədli film də çəkərik”.