Ramin Musayev: “Bizi böyük imtahan gözləyir”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün təşkil olunan Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində fikirlərini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, öncə Milli Mətbuat günü münasibəti ilə KİV münayəndələrini təbrik edib:

“Hər birinizi salamlayıram. İlk növbədə jurnalistlərimizi Milli Mətbuat günü, klub nümayəndələrini isə yeni mövsüm münasibəti ilə təbrik edirəm. Hazırda klublarımız avrokuboklarda çıxış edirlər. Deyərdim ki, komandalar bizi sevindirir. Çempionatın reqlamenti ilə bağlı dəyişiklik yoxdur. 10 komandanın iştirakı ilə 4 dövrəli çempionat keçirəcəyik. Son vaxtlar edilən transferlər onu göstərir ki, komandaların yerli oyunçulara təlabatı artıb. Qarşıda bizi milli komanda səviyyəsində böyük imtahan gözləyir. Milli komandaya çox sayda futbolçu vermək istəyiriksə, yerli oyunçulara diqqət ayırmalıyıq”.

Ramin Musayev AFFA və PFL tərəfindən  elan olunmuş teleyayım hüququ ilə bağlı tendərə münasibət bildirdi: “Bildiyiniz kimi, Premyer Liqada 10 komanda çıxış edəcək. Biz yayım hüququna görə ən azı 1 milyon istəmişik ki, gələn pulu onlar arasında eyni qaydada  bölək. Ümid edirik ki, hər şey yaxşı olacaq”.

PFL prezidenti “Rəvan”ın Premyer Liqaya qayıdışı ilə bağlı belə danışdı: “Fors major” deyilən bir anlayış var. Bir komanda müraciət edib maddi durumunun yaxşı olmadığını deyir. Sözsüz ki, 9 komandalı çempionat ürəyimizdən olmazdı. Sağ olsun “Rəvan” rəhbərliyi bizim təklifimizi qəbul etdi. Onlar sentyabrın sonuna qədər lisenziya məsələsini həll edəcəklər. “Simurq” məsələsinə gəldikdə isə bu komanda çempionata həmişə rəng qatıb. Vəziyyət elə gətirdi ki, problemlər meydana gəldi. Sözsüz, “Simurq” üçün can yandıran tamaşaçıları başa düşürəm.

Mən özümü kənar tutmuram. “Simurq”un Premyer Liqada oynamasını mən də onlar qədər istəyirdim. Ümid edirik ki, “Simurq” I Divizionda çıxış edəcək. Həyatda hər şey mümkündür. Elə böyük komandalar var ki, gözlənilməz şəkildə aşağı dəstəyə yuvarlanırlar. AFFA və PFL rəhbərliyi  “Simurq”un Premyer Liqada oynaması üçün görüşdü. Amma ümumi hesablamalardan sonra bu iş alınmadı. Biz Premyer Liqada oynamaq üçün sadəcə “Rəvan”a müraciət etdik. Onlar bizə sadəcə göstərilən etimada görə təşəkkür etdilər. Öz adımdan onlara təşəkkür edirəm”.

Ramin Musayev ötən mövsüm maddi problemləri olan “İnter”in hazırkı durumuna da aydınlıq gətirdi: “İnter hazırda gözəl oyun nümayiş etdirir. Bu komandanın növbəti mövsümdə heç bir problemi olmayacaq”.

 

Həmin kateqoriyadan