- Baxış sayı: 35
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin əvəzedicilərdən ibarət heyəti 2015/16 mövsümünün hazırlığına iyulun 1-də başlayıb. Allsport.az xəbər verir ki, komanda Qəbələdə təşkil olunan təlim-məşq toplanışına yeni baş məşqçi Ramin Quliyevin rəhbərliyi altında start verib. 34 yaşlı çalışdırıcı ötən çempionatın sonunda “qırmızı-qaralar”dan ayrılan ispaniyalı Luis Araqonu əvəzləyib.
“Qızıl dubl”la yeni vəzifəyə
Ramin Quliyevin həm futbolçu, həm də məşqçi kimi “Qəbələ” ilə sıx bağlılığı var. O, “Şəfa”, “Bakı”, “Neftçi”, “Olimpik”, “Standard” klublarında çıxış etdikdən sonra peşəkar futbolçu karyerasını 2011-ci ildə məhz bu komandada bitirib. “Qırmızı-qara” formada 5 oyun keçirən müdafiəçi 2005-08-ci illərdə Azərbaycan yığmasında 18 matçda iştirak edib. Oyunçu karyerasını bitirən kimi məşqçilik kurslarına qatılan Quliyev tezliklə lisenziya alıb və “Qəbələ” Futbol Akademiyasında fəaliyyətə başlayıb. Qısa zaman ərzində məşqçi qismində ciddi uğurlar qazanıb. 2013/14 mövsümündə U-12-yə gümüş medallar qazandıran məşqçi üçün yola saldığımız futbol ili daha əlamətdar olub. Belə ki, onun baş məşqçisi olduğu U-17 Azərbaycan çempionatı və kuboku uğrunda yarışda qalib gələrək, “Qızıl dubl”a imza atıb. R.Quliyevə ötən ilin dekabrında “Qəbələ”nin əsas komandasında işləmək də qismət olub. O, Dorinel Muntyanunun istefasından sonra baş məşqçi vəzifəsini icra edən Sənan Qurbanovun köməkçisi funksiyasını yerinə yetirib.
Lazımi qeydlər, dəyərli məsləhətlər
Əvəzedici heyətə baş məşqçi təyin olunan kimi dərhal fəaliyyətə keçən Quliyev iyunda Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışına yollanan əsas komandanın düşərgəsində olub. Bu zaman əsas komandanın iş prinsipi, məşq proqramı və digər vacib məqamlarla əyani tanışlıq imkanı qazanan gənc çalışdırıcı lazımi qeydlər aparıb, baş məşqçi Roman Qriqorçukdan məsləhətlər alıb. Ərzurumdakı müşahidələr gələcəkdə çox faydalı olacaq. Başqa sözlə, futbolçuların əvəzedici heyətdən əsas komandaya keçərkən oyun planında çətinlik çəkməsi, kollektivə uyğunlaşmaq kimi problemlər tez həllini tapacaq. İndi isə bütün diqqət Qəbələdəki təlim-məşq toplanışına yönəldilib.
Ramin “Qəbələ İK” qəzetinə açıqlamasında əvəzedicilərin planları barədə ətraflı məlumat verib: “İyulun 1-də start götürən hazırlıqda futbolçular həvəslə məşq edirlər. Plana əsasən, 4 həftəlik mərhələli təlim-məşq toplanışı keçəcəyik. Hazırlıq prosesinin axırıncı mərhələsini ölkədən xaricdə təşkil etməyi nəzərdə tutmuşuq. Belə olacağı təqdirdə, daha çox yoldaşlıq görüşləri keçirməyə, fərqli komandalarla, o cümlədən, əcnəbi kollektivlərlə qüvvəmizi sınamağa nail olacağıq”.
Elmar Baxşıyev və gənc futbolçular
Əvəzedici komandada baş məşqçinin köməkçisi də müəyyənləşib. Bu, “Qəbələ”nin digər sabiq futbolçusu, Azərbaycan milli komandasının keçmiş üzvü, bu yaxınlarda məşqçiliyə başlayan Elmar Baxşıyevdir. R.Quliyevin verdiyi məlumata görə, heyətdə yeni futbolçular da var: “Ötən mövsüm başa çatdıqdan sonra bir neçə futbolçu komandamızı tərk edib. Qapıçı Cavid Əsgərovla müqavilənin müddəti artırılmayıb, Müşfiq Teymurovla Tellur Mütəllimov isə digər klublara icarəyə verilib. Həmçinin, Elnur Mustafazadə və İbrahim Aslanlının da icarə əsasında başqa komandada çıxış edəcəkləri gözlənilir. Heyətdən gedən futbolçuların əvəzinə isə gənc və istedadlı futbolçuları düşərgəyə cəlb etmişik. Buna misal olaraq, Amin Seydiyev, Hacıağa Hacıyev, Rövlan Muradov və Baxşəli Baxşəliyevin adını çəkə bilərəm. Baxışa gələn digər oyunçular barəsində isə yaxın günlərdə yekun qərarımı verəcəyəm”.
“Buna yetərincə gücüm var”
Ramin Quliyev gənc olmasına baxmayaraq, inamlı və iddialıdır. O, cəmi 3 il öncə başladığı məşqçilik fəaliyyətində daima nəzəri və praktiki biliklərini artırır. Təbii ki, “Qəbələ”nin əvəzedici heyətinin yeniləşmiş heyəti, eləcə də, yeni baş məşqçisi bir çoxlarında maraq doğurur, futbol mütəxəssisləri və azarkeşlər komandanın qarşıdakı mövsümdə necə çıxış edəcəyini səbirsizliklə gözləyirlər. Bu baxımdan, Quliyev üzərinə düşən məsuliyyətin vacibliyini tam başa düşür: “Əvəzedicilərə baş məşqçi təyin olunmağım məsuliyyətimi daha da artırıb. Bilirəm ki, əsas komanda ilə birbaşa
əlaqəli işləməli, akademiya və əsas komanda arasında möhkəm körpü rolunu oynamalıyıq. Ən başlıcası isə əsas komanda üçün ehtiyat qüvvə yetişdirməliyik. Çünki əvəzedici heyət üçün bundan böyük uğur ola bilməz. Məşqçilikdə gənc olsam da, bu vəzifənin öhdəsindən gəlməyə yetərincə gücüm var. Mənə “Qəbələ” rəhbərliyi tərəfindən göstərilən etimadı doğrultmağa çalışacağam”.