- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Albaniyanın “Kukesi” klubunun azərbaycanlı hücumçusu Rauf Əliyev müsahibə verib. Allsport.az saytı xəbər verir ki, Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasına münasibət bildirən təcrübəli hücumçu, Albaniyada legionçu karyerasından danışıb. Qol.az-ın əməkdaşı ilə söhbətdə, o, çox məsələyə toxunub.
– Qurban müəllimi təyinatı münasibətilə təbrik edirəm. Neçə gündür mətbuatdan xəbərləri izləyirdim. Artıq gerçəkləşib. Uğurlar arzu edirəm. İnşallah, milli üçün bundan sonra daha yaxşı olar. Qurban Qurbanovu artıq hamı tanıyır. Necə yaxşı mütəxəssis olduğunu hər kəs bilir. Qazandığı nəticələrlə də bunu sübut edib. İnanıram ki, “Qarabağ”da göstərdiyi nəticələri millidə də təkrarlayacaq.
– Uzun müddət Qurban Qurbanovun başçılığı altında oynamısan. Səncə, milliyə yenilik gətirə biləcəkmi?
– Bəli, gətirə bilər.
– Son vaxtlar yaxşı formada olsan da, Robert Prosineçki sənə dəvət göndərmirdi. Yerli mütəxəssisin gəlişi bu sarıdan futbolçular üçün də yaxşıdırmı?
– Neçə müddətdən sonra millidə yerli məşqçi çalışacaq. Bu, hər mənada üstünlükdür. Azərbaycanlı futbolçuları yaxından tanıyan bir məşqçinin bu vəzifəyə təyin olunması daha yaxşı oldu.
– Yəni, deyirsən ki, yerli məşqçi yerli futbolçuları daha yaxşı tanıyır…
– Yerli məşqçinin üstünlüyü odur ki, öz uşaqlarımızı daha yaxından görəcək. Çempionatı hər zaman izləyəcək. Ona görə də kim oynayacaqsa, kim formada olacaqsa, o da millidə olacaq.
– İlk toplanışda Qurbanovdan dəvət gözləyirsənmi?
– Əlbəttə, oynayacağım, yaxşı formada olacağım təqdirdə, inanıram ki, millinin toplanışlarına çağrılacam. İndidən nəsə demək çətindir. Çünki yaxın vaxtlarda millinin toplanışı, oyunu yoxdur. Bir də gələn il olacaq. Xeyirlisi nədirsə, o da olsun.
– Albaniyada işlərin necə gedir?
– Hər şey normaldır. Son turda vacib xal itirdik. Bu, bir qədər işimizi çətinləşdirdi. Liderdən artıq 5 xal geri qalırıq. Amma çempionatda hələ çox oyun var. Vəziyyəti düzəltmək olar. Ayın 5-də oyunumuz var. Həmin görüşə hazırlaşırıq. Əsas rəqiblərimizdən birinə qarşı oynayacağıq.
– Oradakı mühitə uyğunlaşa bilirsən? Ümumiyyətlə, Albaniya necə ölkədir?Azərbaycanla arasındakı fərq çoxdur?
– Əlbəttə, çətinliklər var. Yavaş-yavaş öyrəşirəm. Əsas problem ünsiyyətlə bağlıdır. Uyğunlaşmağa çalışıram. Ölkəyə gəldikdə isə yeni-yeni inkişaf edir. Son 4-5 ildə ölkədə yeni binalar tikilib, bəzi müasir dəyişikliklər baş verib. Təbii ki, Albaniya Azərbaycandan fərqlənir. Bizdə daha yaxşı şərait var. Bizim xalqımız daha qonaqpərvər, daha mehribandır.
– Son olaraq, sabiq komandan “İnter”də baş verənlərə, klubun adının dəyişdirilməsinə münasibətini bilmək maraqlı olardı. Bu yaxınlarda Zaur Svanadze istefaya göndərildi. Səncə, “Keşlə”nin problemi baş məşqçi ilə bağlı idi?
– Svanadzelik bir şey yox idi. O, komandanı çox pis vəziyyətdə götürmüşdü. Daim problemlərlə üzləşirdi. Svanadze belə vəziyyətdə işlədi. Halal olsun. Komanda 3-cü yeri tutub, Avroliqada çıxış etdi. 2 il birlikdə çalışdıq. Gözəl insan, gözəl məşqçi idi. Gələcək işlərində uğurlar arzu edirəm. Futbolda tez-tez dəyişikliklər olur. “Keşlə” rəhbərliyi belə qərar verdi. Ramiz müəllim baş məşqçi təyin olunub. Ona da uğurlar arzu edirəm. Ümid edirəm ki, komandanı əvvəlki səviyyəsinə qaldırar. “Keşlə” də “İnter” kimi medallar uğrunda mübarizə aparar.