Şəhriyar Əliyev: “Ərzurumda qısa vaxtdan lazımınca istifadə etdik”

“Bakıda komandanın fiziki durumunu yüksəltdik, Türkiyədə isə taktiki hazırlıq üzərində işlədik. Üç yoxlama oyunu keçirdik. Bu da futbolçuların bir-birinə uyğunlaşmasına yardımçı oldu”.

Allsport.az xəbər verir ki, bu sözlərin müəllifi “Kəpəz”in futbolçusu Şəhriyar Əliyevdir. Klubun mətbuat xidmətinə Ərzurum toplanışını dəyərləndirən müdafiəçi daha sonra bunları əlavə edib: “Türkiyədə komanda demək olar ki, formalaşdı. Qardaş ölkədə keçirdiyimiz hazırlığın böyük xeyri dəyəcək. Mən şəxsən belə fikirləşirəm. Bunun bəhrəsini çempionatda mütləq görə biləcəyik”.

Şəhriyar Əliyev “Kəpəz”ə “Qarabağ”dan keçib. Futbolçu icarə əsasında qarşıdakı futbol mövsümündə Nizami yurdunun təmsilçisinin şərəfini qoruyacaq: “Ağdam klubunun futbolçuları uzun illərdir bir yerdə çıxış edirlər. Hazırda daha yaxşı oyun sərgiləyirlər, oyunçular bir-biri ilə əla anlaşırlar. Bizə də özümüzü göstərmək üçün zaman lazımdır. Yeni komandayıq, hazırlaşmaq üçün vaxtımız azdır. Ərzurumda həm biz futbolçular, həm də məşqçilər qısa vaxtdan lazımınca istifadə etdik. İnşallah, Türkiyə toplanışında səmərəli çalışmağımızın komandaya müsbət təsirini görəcəksiniz”.

Həmin kateqoriyadan