Son gündə 4 medal

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam həmrəyliyi oyunlarına yekun vurulub.

Allsport.az xəbər verir ki, sonuncu gündə sərbəst güləşdə 4 çəki üzrə mübarizə baş tutub. Güləşçilərimizin hər biri fəxri kürsüyə qalxıb.

Ağanəzər Novruzov (74 kq) debütdə türkiyəli dünya üçüncüsü Fazlı Eryılmaza 6:3 hesabı ilə, daha sonra isə uqandalı Rocers Mukyedaya tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Bəhreynli Məhəmmədrəsul Asluyevlə görüşdə 0:5 hesabı ilə geridə olan həmyerlimiz sonuncu dəqiqədə əzmkar qələbə qazanıb – 7:5. Finalda iranlı Yunis İmamiçoğayiyə (0:5) məğlub olan Ağanəzər gümüş medala sahib çıxıb.

Arseniy Cioyev (86 kq) startda ikiqat dünya çempionu Kamran Qasımpurla üz-üzə gəlib. İranın titullu güləşçisinə 5:3 hesabı ilə qalib gələn təmsilçimiz əlcəzairli Benfercallah Fatehə heç bir imkan tanımayıb – 11:0. Yarımfinalda tacikistanlı Məhəmməd Yevloyevi və finalda bəhreynli Xıdır Saypudinovu 5:1 hesabı ilə üstələyən Cioyev Ər-Riyadda himnimizi səsləndirib.

Məhəmmədxan Məhəmmədov (97 kq) 1/4 finalda qazaxıstanlı dünya çempionu Rzabəy Aytmuxana (2:12) uduzub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan təmsilçimiz misirli Məhəmməd Salahəldinə tam üstünlüklə (18:6) qalib gəlib. Bürünc medal uğrunda görüşdə isə olimpiya və dünya çempionu Əhməd Tacudinov xalçaya çıxmadığından Məhəmməd üçüncü yeri tutub.

Georgi Meşvildişvili (125 kq) özbəkistanlı Həsənboy Rəhimovla görüşdə 7:5 hesabı ilə öndə olarkən rəqib zədələndiyi üçün növbəti mərhələyə adlasa da, bəhreynli Şamil Şərifovla gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə (6:7) məğlub olub. Təcrübəli yığma üzvü misirli Əbdülrəhman Şeyatana 5:0 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

Beləliklə, sonuncu yarış günündə güləşçilərimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Ümumilikdə 4 gün boyunca idmanın bu növündə 2 qızıl, 5 gümüş və 4 bürünc olmaqla 11 medal əldə edilib.

Həmin kateqoriyadan