- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 44
- Noyabr 21, 2024
- 0
“AHF arena”da kişi həndbolçuların superliqasında 7-ci turunda autsayderlər – “Təhsil” və “Dinamo” arasında mübarizə çox gərgin keçdi. “Tələbələr” görüşün əvvəlində üstünlüyə yiyələnsələr də, sonradan “polislər” təşəbbüsə yiyələnərək, üstünlüyü sonadək qorudular (29:28).
Oyunda hesab daha məhsuldar ola bilərdi, amma hər 2 tərəfin qapıçıları inamlı təsir bağışladılar və ən azı 10 qurtarışla yadda qaldılar. “Təhsil”in çərçivə qoruyucusu Nəzərəli Hüseynov allsport.az saytına bunu dedi:
“Bu oyun çox ağır keçdi. Yaxşı hazırlaşmışdıq. “Dinamo” aşağı qrupda əsas rəqiblərdəndir. Ötən qarşılaşmada “İdman Akademiyası”na qalib gəlmişdik. Qələbənin təsadüfi olmadığını bu oyunda da sübut etmək istəyirdik.
Hər şey yaxşı gedirdi. Amma zamanla üstünlüyü əldən verdik. Yenilgidə hakimləri günahlandıra bilmərəm. Məncə, rəqibə qarşı daha sərt oynamalı, vaxtında qarşılıq verməliydik. Biz 7 yox, 10 nəfərə qarşı oynayırdıq. Göstərməliydik ki, güclüyük. Amma çox təəssüf…”