Teymur Rəcəbov: “Şəhriyar – onu udmaqdan zövq almadığım nadir rəqiblərdəndir”

“Şəhriyarla görüşlərdə məğlubiyyət də təbiidir. Çünki bu, zaman-zaman baş verir. Amma biz eyni ölkədənik, ümumiyyətlə, çox yaxın dostuq”.

Allsport.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun final mərhələsinin VIII turunda Şəhriyar Məmmədyarova qalib gəldiyi görüş barədə turnirin rəsmi saytına açıqlamasında deyib.

34 yaşlı qrossmeyster bildirib ki, onların bir-birilərinə qarşı oynamaları hər zaman çətindir: “Buna görə də biz öz aramızdakı qələbələri qeyd etmirik. Onunla dünya kuboku və bir çox turnirlərdə üz-üzə gəlmişik. Amma elə yarışlar var ki, orada mütləq qalib bilinməlidir. Şəhriyar dünyada qalib gəlməkdən zövq almadığım nadir rəqiblərdən biridir”.

Rəcəbov VII turda Karlsen üzərində qazandığı 3:1 hesablı qələbəyə də toxunub: “Onu məğlub etməyi bacardım və bu, məni xoşbəxt edir. Hər yarışdan öncə dünya çempionuna qalib gələcəyinizi hiss etməlisən. Karlsen əla formada olarkən bunu etmək daha gözəl hissdir. Düşünürəm ki, Maqnusun çempionlar turunda bəzi görüşləri uduzması özü üçün də yaxşıdır. Bu mənada ki, o, dünya şahmat tacı uğrunda görüşü öncəsi özünü məğlubedilməz hesab etməyəcək və və onu qorumağa çalışacaq”.

Yarışı 2-ci pillədə başa vuran Rəcəbov nəticəni qəanətbəxş hesab etdiyini vurğulayıb: “Düzdür, mənim üçün 2-ci və ya 9-cu olmaq çempionluq hissi vermir. Amma 9-cu yerlə müqayisə etsək, 2-ci pillə daha yaxşıdır”.

Təcrübəli şahmatçı gələcək planlarından da söz açıb: “İddiaçılar turnirini səbirsizliklə gözləyirəm. Bu yarışa daha ciddi hazırlaşacağam. Razıyam, onlayn turnirlər məni formada saxladı. Amma mənə daha çox hazırlıq və oyun lazımdır. Açığı, hazırda bütün diqqətim iddiaçılar turnirindədir. Orada yaxşı çıxış etmək üçün əlimdən gələni edəcəyəm. Bunun üçün xeyli güc lazımdır. Amma buna dəyər. Çünki turnir Karlsenə əlcək atmaq üçün əla şansdır”.

Çempionlar turunun VIII raunduna təsadüf edən dueldə Rəcəbov Məmmədyarovu 2,5:1,5 hesabı ilə məğlub edib. Məmmədyarov sözügedən turnirdə sonuncu olub.

Həmin kateqoriyadan