- Baxış sayı: 29
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Kişi həndbolçuların Azərbaycan çempionatında XVI tura “Bakı” – “Qarabağ” görüşü ilə start verilib. Allsport.az saytı xəbər verir ki, maraqla gözlənilən açılış matçını beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Deleqat funksiyasını isə digər beynəlxalq dərəcəli hakim Vaqif Əliyev yerinə yetirib. Bu tur ərəfəsində aktivindəki 19 xalla 3-cü pillədə qərarlaşan “Bakı” oyunun favoriti hesab olunurdu.
Amma, rəqibindən 4 xal geri qalan “Qarabağ”a da güvənənlərin sayı az deyildi. Oyuna fəal başlayan komandaların xala-xal prinsipi hissənin ortalarında pozulub. Rəqibin səhvlərindən yararlanan “Qarabağ” hesabda üstünlüyə yiyələnib. Tədricən xal fərqini 5-ə də yüksəldən nominal qonaqlar azarkeşlərini qələbəyə ümidləndiriblər. Toparlanmağa çalışan “Bakı” hissənin sonlarındakı fəallıq sayəsində fərqi 3-ə endirib və ilk hissə 14:17 hesabı ilə başa çatıb.
İkinci hissəyə daha inamlı başlayan “Bakı” tezliklə fərqi aradan qaldırsa da, çox keçmədən qonaqlar yenidən təşəbbüsə yiyələniblər. Vəziyyəti dəyişməyə çalışan ev sahibinin və üstünlüyü qorumaq istəyən qonaqların aşırı canfəşanlığı gərgin anlara da səbəb olub. Nəticədə matçın sonuna 3 dəqiqədən də az qalmış “Qarabağ”ın həndbolçusu Nicat Əzizovla “Bakı”nın oyunçusu Albert Matyuxov qırmızı vərəqə ilə cəzalandırılıb.
Bununla yanaşı, hər iki komandanın daha iki üzvü meydançadan kənarlaşdırıldığından rəqiblər oyunu 4 həndbolçu ilə davam etdiriblər. Bir top fərqi ilə irəlidə olan “Qarabağ” qələbəyə yaxın görünsə də pərəstişkarlarını sevindirə bilməyib. Son dəqiqədə penaltidən layiqincə faydalanan Sabir Nəzərəliyev “Bakı”nı məğlubiyyətdən qurtarıb – 36:36.