U-15 Avropa çempionatına kimlər yollanır?

Mayın 15-dən 18-dək Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışa “sərbəstlər” ilə start verəcək. Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında Musa Tağıyev (38 kq), İbrahim Həsənov (41 kq), Abbas Şəfiyev, Əliağa Süleymanov (hər ikisi – 44 kq), Fərid Hüseynli (48 kq), Ramal Məmmədoğlu, Rəşid Nazarov (52 kq), Asim Əliyev (57 kq), Ruslan Vəliyev, Tunar Quliyev (62 kq), Fərid İsmayılov (68 kq), Nihad Süleymanov (75 kq) və Hakim Tağıyev (85 kq) mübarizə aparacaq.

Qızlarda ilk dəfə 7 güləşçi ilə təmsil olunacağıq. Bu da say baxımından U-15 Avropa çempionatlarında ölkəmiz adına yeni rekorddur. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Məryəm Hacıyeva (36 kq), Gülnar Ağadadaşova (39 kq), Nəzrin Əhmədli (42 kq), Günel Kərimli (46 kq), İnci Abdullayeva (50 kq), Fatimə Bayramova (54 kq) və Fidan Babayeva (57 kq) yarışda iştirak edəcək.

Çempionata yunan-Roma güləşçiləri yekun vuracaq. Böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vəzirovla Sənan Əlimirzəyevin rəhbərliyi altında Xudayar Kərimov, Ümüd Babayev (hər ikisi – 38 kq), Abdulrəhman Hüseynli, Qurban Məcnunov (hər ikisi 41 kq), Elmir Abbasov (44 kq), Amin Əsgərli (48 kq), Orxan Həbibli (52 kq), Hüseyn Vəlizadə (57 kq), Nihat Məhərrəmov (62 kq), Əli Məmmədov (68 kq), Zöhrab Səfərov (75 kq), Məhəmməd Orucov və Rauf Mütəllimov (85 kq) ellinlərdə uğur qazanmağa çalışacaq.

Görüşlər hər gün Bakı vaxtı ilə 12:00-da başlayacaq. Mayın 16-da sərbəst, növbəti gün qadın, ayın 18-də isə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulacaq.

Yunanıstanda III dərəcəli beynəlxalq hakim Eldar Məmmədov ədaləti qoruyacaq.  

Həmin kateqoriyadan