Yeni baş məşqçilər etimadı doğrultmadı! DÇ-də 2 güləş növündə uğursuzluğun hesabatını kim verəcək?

Ötən ayın sonu Serbiya paytaxtı Belqradda güləşçilərin dünya çempionatı keçirilib. Həmin yarışa ölkəmizi 3 növdə 26 idmançı (17 yerli, 9 legionçu) təmsil edib. Paris-2024-ə vəsiqə verən məsul yarışda yalnız yunan-Roma güləşçilərimiz qənaətbəxş nəticə göstəriblər. Millimiz qeyri-olimpiya çəkisində 2 qızıl və 1 gümüş medala yiyələnib; olimpiya çəkisində 2 gümüş mükafat və elə bu sayda olimpiadaya vəsiqə qazanıb. Həsrət Cəfərovla (67 kq) və Sənan Süleymanovun (77 kq) finala çıxmaları, onların ən azı, bu sonluğu “dördillik”də göstərmələrinə ümid verir. Amma 120 xalla ilk dəfə komanda hesabında dünya çempionluğu bizi aldatmamalıdır. Böyük sınaqlarda olimpiya çəkilərindəki nəticələr önəm daşıyır. Hər halda, yunan-Roma güləş millisinin uğurlu çıxışı məşqçilər heyətinin sabit olması ilə bağlıdır.

Ancaq bunu digərlərində söyləyə bilmərik. Elə bu üzdən “sərbəstlər”də  – Hetağ Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Zəlimxan Hüseynov, Şərif Şərifov və Taymuraz Kokoyev; qadınlarda – Semyon Şteryov, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayev ilk ciddi sınaqda büdrədilər. Hər 2 yığmada gənc azərbaycanlı çalışdırıcılar komandalara yeni qoşulduğundan, onlardan indi nəsə ummaq ədalətsizlik olardı. Amma Hetağ Qazyumov bundan öncə Rusiya millisində işlədiyindən, xeyli təcrübə yığıb. Üstəlik o, yaxşı vəziyyətdə olan komandanı götürüb. Amma atalar demişkən, özü yıxılan ağlamaz. Azərbaycan güləş federasiyanın (AGF) yeni rəhbərliyi yüksək nəticə göstərən, ilin əvvəlində Xorvatiyada keçirilmiş mükafat yarışında 6 olimpiya çəkisinin hamısında milliyə medal qazandıran Namiq Abdullayevlə işləməkdən boyun qaçırdı. Nə var, nə var, bir neçə məşqdə yerində olmayıb. Vaterlo döyüşündə Napoleonun yanında Mürat olmasa da, Ney vardı. Hazırlığın hansısa günündə olimpiya çempionu yoxduysa, qardaşı Arif Abdullayev ordaydı!

Oxşar mənzərə qadın güləşində də yaşanıb. Pis-yaxşı, baş məşqçi əvəzi Rövşən Umudov komandanı dartırdı. Heyət bolqar mütəxəssisə həvalə olunandan sonra, gözləntilərin əksi baş verdi. Halbuki Semyon Şteryov öncələr də yığmanı çalışdırıb və duruma yaxşı bələddir. Uzun müddətdir qadın seçməmiz Mariya Stadnikin (50 kq), o olmayanda Elis Manolovanın (62 kq) çiyinlərində dayanıb. İndi onlardan danışılası deyil: böyük dərddir. Vəziyyət elə acınacaqlıdır ki, bürünc medal qazanmağa adət etdiyimiz Alyona Kolesnik (59 kq) də artıq əliboş dönür. Əgər belə olacaqdısa, AGF-in yeni rəhbərliyi yerli məşqçini niyə əvəzlədi? Bolqar nazir müavini Mariana Vasilyevaya xoş gəlsin deyə?

Aydın məsələdir ki, Fərid Qayıbovun göstərişləri və tapşırıqları böyük ölçüdə icra olunmayıb. Onun uzun müddət qazandığı təcrübədən yararlansaydılar, dünya çempionatında sonluq hər növdə olimpiya proqramında 1 qızıl medal ilə bitərdi. Yaxşı olar ki, idman nazirinin sözü dinlənilsin və əməl edilsin. Heç kim kənardan nə bəhanə, nə də “araqarışdıran” axtarmasın. Keçmiş baş katib Əjdər Cəfərov 2016-cı ilin fevralından AGF ilə yolunu ayırıb. Uzun müddətdir ki, “Təhsil” respublika idman mərkəzinin 2 saylı Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində direktor vəzifəsində çalışır. AGF-in sabiq vitse-prezident Firdovsu Umudova gəlincə, onun 2021-ci ildən federasiya ilə əlaqəsi kəsilib. Bir neçə ildir ki, “Sərhədçi” peşəkar idman klubunun prezidentidir. Bu ilin sentyabrından isə, Azərbaycan ağırlıqqaldırma federasiyası 1-ci vitse prezidenti təyin olunub.

Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Əsas imtahan məqamı gələn ilin 26 iyul – 11 avqustunda Paris oyunları ilə ölcüləcək. Demək, hələ görüləsi işlər var. Bu xüsusda rəqiblərin müxtəlif səviyyələrdə öyrənilməsi və nəticələrin təhlil olunmasının mərkəzləşməsi önə çıxır. Firəng diyarında bitəcək böyük yolun ilk sınaq imtahanının müvəffəqiyyətlə bitdiyini söyləmək olmaz. Yarışlar isə hələ bundan sonra da müxtəlif cəhətlərdən çözüləcək, təhlillər aparılacaq. Hələlik buna da zaman var…

Həmin kateqoriyadan