- Baxış sayı: 54
- 27 Dekabr 2024 12:31
- Baxış sayı: 182
- Dekabr 18, 2024
- 0
Azərbaycanda top komanda idman növləri arasında voleybolun həmişə öz dəsti-xətti olub. Sovetlər qurulduqdan bir müddət sonra Bakıda xeyli klublar yaranıb. 1934-cü ildə qadınlardan ibarət Bakı komandası Ümumittifaq voleybol bayramında 2-ci, kişilər 3-cü olub. Daxildə gərgin rəqabət 2-ci Cahan savaşından sonra da davam edib. Xanımlardan qurulan «Məhsul» 3 mövsüm (1948-49, 1961) SSRİ çempionatının elitasında mübarizə aparıb.
1959-cu ildə kişilərdən ibarət Azərbaycan yığması SSRİ çempionatında 3-cü yerə çıxıb. AzİNX klubu 60-70-ci illərdə SSRİ çempionatının yüksək dəstəsində oynayıb. Ən yaxşı nəticəsi 1966-da 4-cü yer olub.
60-cı illərdə respublikada klub sistemində təkmilləşmə başlayıb, «Məhsul» öncüllüyü tədricən «Neftyanik»ə verib. Duzu, həmin dövrdə komanda növlərində bu ad məşhur idi. Çünki Bakı neft şəhəri kimi sovetlərdə ikinci şöhrətini qazanmışdı. Buna görə «qara qızıl» sahəsində çalışanlar klub yaradanda, ad üzərində çox fikirləşmirdilər. Elə öz adlarını komandaya verirdilər. Amma həmin dövrdə siyasi səbəbdən birliklər öncə «Neftyannik» adlandırıldı. Gənc mütəxəssis Şamil Şamxalov klubun sükanı arxasına keçəndən sonra «ağ-qaralar» daha uğurlu çıxış etməyə başladılar. Futbolda olduğu kimi, voleybolda da «Neftyanik» respublikanı SSRİ çempionatlarında təmsil edib. Bakılılar 1961-ci ildə yüksək liqaya vəsiqə qazanıb; 1966-cı ildə 3-cü, bir il sonra Azərbaycan SSRİ komandası adı ilə 2-ci olub. Bu dövrdə İnna Rıskal ilə Vera Lantrova ittifaq üzrə məşqçilər heyətinin diqqəti cəlb ediblər, milli komandayə dəvət olunublar.
Feliks Məmmədovun başçılıq etdiyi və artıq «Neftçi» adı ilə klub 1972-ci ildə yüksək dəstədə bürünc medala yetişib.
1987-ci ildə Faiq Qarayevin baş məşqçilik etdiyi BMKZ (keçmiş «Neftçi») SSRİ 1-ci liqasından elitaya vəsiqə qazanıb, 1989/90-cı mövsümdə bürünc mükafata yiyələnib. 1991-ci ildə SSRİ kubokuna yiyələnib, 1993-cü ildə CEV kuboklar kubokunda 2-ci yer tutub. Həmin zaman heyətdə Alla Həsənova (k), Yelena Şabovta, Svetlana Seleznyova, Tatyana Fyodorova, Viktoriya Ravva, Yelena Arifova, Alla Teterina, Liliya Sergeyeva, Yelena Lisaxmara, Mariya Çarenko, Gülnarə Kərimova, Viktoriya Stepanişşeva, Svetlana İlüşşenko və Natalya Rıkova (adı son ikisi çəkilən – Qazaxıstan) yer alıblar. Milli voleybolçularımız bir il sonra Braziliyada keçirilən dünya çempionatında 9-cu olub.
Bundan sonra həm klub, həm də yığmada ilk tənəzzül dövrü başlayıb. Baxımsızlıq üzündən aparıcı mütəxəssislərimiz ölkə xaricinə üz tutdular. İş o yerə çatdı ki, Azərbaycan komandaları Avropa Voleybol Konfederasiyasının qərarına əsasən, rəsmi beynəlxalq yarışlarda iştirak etməkdən kənarlaşdırıldı. Faiq Qarayev voleybol tam məhv olmasın deyə qızları özü ilə birgə Türkiyəyə dəvət etdi, orda klublara yerləşdirdi.
1997-ci ildən idmanımızın mayakına çevrilib onu sınaqlar içərisindən çıxaran, yüksəklərə qalxmasına liderlik edən, idman qurumlarımızın birliyini yaratmaqla onları vahid komanda səviyyəsinə çatdıran İlham Əliyev Azərbaycanı irəli apardı. 2000-ci ildə Sidney olimpiya oyunları ərəfəsində baş vermiş hadisələrdən bəziləri haqqında geniş söz açmağım təsadüfi deyil. Çünki görünməyən gərgin zəhmət sayəsində çox keçməyəcək, iki əsri, minilliyi qovuşduran ilin son rübü Azərbaycanın dünya idmanının hər bir fəaliyyət sahəsində layiqli yerini tutmasına və möhkəmlənməsinə, əlaqələrin genişlənib, şaxələnib çeşidlənməsinə yol açacaq hadisələr baş verəcəkdi. İlham Əliyevin liderliyinin danılmaz faktı olan bu 3 il tək ona deyil, eyni zamanda idmanımızın sabahına inamın artması, bəşəri ideallarla çulğalanan Azərbaycançılıq təfəkkürünün və onun həqiqətlərinin yayılması demək idi.
İdmanın bütün sahələrində olduğu kimi, bir müddət sonra voleybolumuza da yeni nəfəs gəldi. 2000-ci ildə bu idman növü nəqliyyat naziri Ziya Məmmədova tapşırıldı. MOK prezidenti Türkiyədə çalışan, qardaş ölkənin qadın voleybolunu qaldırmış Faiq Qarayevi geri çağırdı. Mütəxəssis özü ilə apardığı səviyyəli oyunçuları da milliyə qaytardı. FİVB və CEV-ə cərimələr ödənildi; 4-illik fasilədən sonra, 2001-ci ildən yığma və klub komandaların yenidən beynəlxalq yarışlarda çıxış etmək hüqununa yiyələndilər. BMKZ də bərpa olundu, bu dəfə «Azərrəyl» adı ilə. Elə həmin mövsüm komandamız Top-komandada mükəmməl çıxış edərək, bir set belə məğlub olmadan kuboka yiyələndi. Həmin heyətə Alla Həsənova (k), Yelena Şabovta, İnessa Qorxmaz, Oksana Parxomenko (Qurt), Oksana Məmmədyarova, Yelena Parxomenko, Valeriya Korotenko (Məmmədova), İrina Sminyagina, İlahə Ağayeva, Səbinə Əjdərova, Yana Hüseynova, Marina Kuzmina, Nina Neçay, Veronika Tarazanova və Alla Teterina daxil idilər.
2003/04 illərdə «dəmiryolçular» tarixində 1-ci dəfə çempionlar liqasının «Dördlər finalı»na çıxdı; sonrakı dövrdə «Rabitə» 2 dəfə (2010/11; 2012/13) bu yarışın gümüş mükafatçısı oldu, klublararası dünya çempionatının qalibi (2011) və gümüş medallarını qazandı (2013).
2010/11-ci mövsümdə «Lokomotiv» Çağırış kubokunun finalında «Azərreyl»ə uduzub, növbəi rəqabətdə həlledici görüşdə «Bakı»nı yenərək yarışı qazandı (2011/12). Qitədə əmsalımızın artması səbəbindən, ölkəmiz son illərdə çempionlar liqasının qrup mərhələsində 3 klubla təmsil olunmaq hüququna yiyələndi. Həmin dövrdə Superliqamızın səviyyəsi elə yüksəldi ki, bir müddət çempionatımız nüfuzu İtaliya «A Seriya»sını üstələdi. Anjelina Qrün (Almaniya), Sara Anzanello (İtaliya), Manon Flier (Niderland), Katarjina Skovronska (Polşa), Kimderli Qlass, Foluke Akinradevo (hər ikisi – ABŞ), Nataşa Krsmanoviç, Silviya Popoviç (Serbiya), Aurea Kruz (Puerto Riko), Foluke Akinradevo (Kuba), Madeleyne Montano (Kolumbiya), Nutsara Tomkom (Tailand), Dobriana Rabaciyeva (Bolqarıstan), Brenda Kastillo (Dominikan Respublikası) kimi voleybolçular, Marçello Abbondanza, Zoran Qayiç və Ancelo Verçesi kimi dünyaca məşhur mütəxəssislər rəqabətə rəng qatdılar. Birdən-birə Azərbaycanda rəqabətin güclənməsi, ulduz isimlərin gəlişi özünə böyük maliyyə çəkdi. Bu idman növünün büdcəsi elə artdı ki, klublarımız avrokuboklara axın etdi. Sözsüz ki, qəfil, böyük həcmdə yatırılan maliyyə, illəri əhatə etməyən vəsait və uzaqgörən olmayan addım öz fəsadı nə vaxtsa göstərməliydi. Böhran ərəfəsində sıxıntılar yaşandı, usta voleybolçular yavaş-yavaş Azərbaycanı tərk etməyə başladılar.
Son dövrdə böhran səbəbindən qadın klub voleybolu növbəti dəfə tənəzzülə uğradı. Uzun ildən sonra komandalarımız ilk dəfə olaraq çempionlar liqasında iştirakdan imtina edərək, Çağırış kubokunda mübarizə aparacaqlar. Kişilərdə müəyyən dirçəlmə var. Uzun illərdən sonra bu sahədə irəliləyiş qeydə alınıb: ilk dəfə klubumuz avrokuboklarda mübarizə aparacaq, ölkəmizi «Lokomotiv» təmsil edəcək.
Keçən il AVF-də nəqliyyat naziri Ziya Məmmədovu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov əvəzləyib. Federasiya vəziyyətdən çıxış yolunu arayır. Sentyabr- oktyabr aylarında MDB məkanında ilk ölkəmizdə keçiriləcək qadın voleybolçuların Avropa çempionatından sonra tədricən klub çempionatı məsələsinə yenidən baxılacaq.
Kamran HACI
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”