LAYİHƏ
«Neftçi» necə yarandı

Futbolun vətəni İngiltərə sayılsa da, bu idman növü tək Dumanlı Albionda sevilməyib. Öncə qonşu Avropa ölkələrinə, oradan çar Rusiyasına ayaq açan futbol, bir müddət sonra imperiya ərazisində yayılmağa başlayıb. Azərbaycanda neft çıxdığından pulu gücünə çox şey etmək mümkün olub. Əgər «Köhnə qitə»də yaranan kino qısa zamanda küləklər şəhərində görünməyə başlayıbsa, niyə də futbol olmayaydı? Neft buruqlarında çalışan fəhlələr primitiv üsulla top düzəldib öz aralarında oynayırdılar. Zənginlər dəri meşini kənardan gətizdirirdilər. Azərbaycanda sovet quruluşu yarandıqda belə, futbol unudulmadı. Çünki o, kollektiv oyun idi, kommunist ideologiyası və prinsiplərinə cavab verirdi.

1922-ci ildən SSRİ birincilikləri şəhərlərin seçmə komandalarının iştirakı ilə keçirilirdi. 1937-ci ildən qərara alındı ki, çempionat klub səviyyəsində təşkil edilsin. Həmin vaxt Azərbaycanda bir neçə sahənin təmsilçisi olsa da, neft sahəsi sanki unudulmuşdu. Halbuki həmin dövrdə Bakı neft şəhəri kimi şöhrət qazanmışdı. Buna görə «qara qızıl» sahəsində çalışanlar tezliklə 18 mart 1937-ci ildə futbol komandası yaratdılar. Ad üzərində də çox fikirləşmək lazım gəlmədi. Elə öz adlarını da komandaya verdilər. Amma həmin dövrdə siyasi səbəbdən komanda əvvəlcə «Neftyannik» adlandırıldı. Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olundu. Gerbdə neft buruğunun fonunda kiril əlifbasının «N» hərfi – «Neftyannik» sözünün birinci hərfi idi. Təbii ki, «qara qızıl»ın da rəngi formanın əsasını təşkil etdi. Həmin dövrdə neftlə bərabər «ağ qızıl» adlandırılan pambıq da respublikanın şöhrətlənməsində az rol oynamadığından, qərara alındı ki, pambığın rəngi də formada əks olunsun. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən «Neftçi» ağ-qara rənglərə sadiq qaldı.
Bakı klubu ilk rəsmi matçını 24 may 1937-ci ildə keçirib. Bu həmçinin, komandanın debüt oyunu idi. SSRİ kubokunun 1/64 finalında «Neftyannik» Bakının «Dinamo» stadionunda 5 min azarkeşin izlədiyi matçda İrəvan «Dinamo»sunu 1:0 hesabı ilə məğlub edib. Pavel Ştirlinin 87-ci dəqiqə vurduğu qol klubun tarixində ilk qol idi. Həmin görüşün hakimi gürcüstanlı Nikolay Larionov olub.

Yarandığı ildən SSRİ çempionatının “Q” qrupunda çıxış edən flaqman debüt ilində 12 komanda arasında 11-ci yeri tutub. Həmin il SSRİ kubokunda bakılılar 1/64 və 1/32 finalda müvafiq olaraq İrəvan və Batuminin «Dinamo»” komandalarına qalib gəlsə də, növbəti mərhələdə Tiflisin eyni adlı klubuna uduzaraq mübarizəni dayandırıb. 1938-1941-ci illərdə «Neftçi» Azərbaycan və Zaqafqaziya birinciliklərində də iştirak edib. Müharibənin başlaması ilə əlaqədar futbolçular da Böyük Vətən müharibəsinə yollandılar. Cəbhədə həlak olanlar arasında komandanın şərəfini qorumuş Mirmehdi Ağayev də vardı. 1938-ci ildə SSRİ kubokunda iştirak edən «Neftçi» zona yarışlarındaca yenilib.
Savaş sona yaxınlaşdıqca, artıq komanda da fəaliyyətini bərpa edirdi. 1944-cü ildə «Neftçi» yenidən Azərbaycan birinciliyinə qayıdıb və bir il sonra respublika çempionu olub. 1946-cı ildə SSRİ çempionatının 2-ci Cənub yarımqrupunda çıxış edən bayraqdar, 1947-ci ildə ikinci qrupda 4-cü yerə yüksəlib. Növbəti mövsüm 17 yaşlı Ələkbər Məmmədovun debüt ili olub. 1949-cu ildə güclülər dəstəsini genişləndirmək qərarı alınıb. «Neftçi»nin debütü «A» qrupunda alınıb. Həmin heyətə sonralar tanınmış hakimə çevrilən Tofiq Bəhramov və məşhur Ələkbər Məmmədov da daxil idi. «Ağ-qaralar» elita tarixində ilk oyununu o vaxt Lenininin adını daşıyan indiki «İsmət Qayıbov» stadionunda HHQ (Hərbi Hava Qüvvələri) ilə keçirib. Bu matçda komanda 1:0 hesabı ilə qalib gəlib. SSRİ çempionatının «A» qrupunda ilk qolu Viktor Anoşkin vurub.

Çempionatın startı gözlənilməz olub. Beş turdan sonra 1-ci pilləyə «Neftçi» yüksəllib. Lakin təcrübəsizlik tezliklə özünü göstərib və yekunda komanda 14-cü yeri tutub. Zaman keçdikcə, millətçilər partiya sıralarında, dövlət qulluğunda yer almağa başlayıblar. «Neftyannik» sözünün «Neftçi»yə çevrilməsi Mərkəzi Komitədə ideoloji şöbənin katibi Cəfər Cəfərovun təşəbbüsü ilə olub; azərbaycanlı uşaqların idmana cəlb edilməsinə diqqət daha artırılıb, yerli mütəxəssislərin yetişdirilməsinə başlanılıb. Bunun nəticəsi kimi, gənc çalışdırıcı Əhməd Ələsgərovun rəhbərliyi ilə güclülər dəstəsində tarixinin ilk və yeganə böyük uğuruna yetişib, komanda “kiçik Avropa çempionatı”nda bürünc medala sahib çıxıb. Bu barədə ətraflı növbəti yazımda…

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan