- Baxış sayı: 290
- 15 Yanvar 2026 17:50
- Baxış sayı: 41
- Yanvar 15, 2026
- 0

7-11 yanvarda Bakı idman sarayında güləş üzrə ölkə çempionatı keçirildi. 5 gün ərzində tamaşaçılar maraqlı tutaşmaların şahidi oldular. İçlərində sonadək mübarizə aparanlar da oldu, asanlıqla təslim olanlar da. Ümumənsə, bu yarış təşkilati baxımından əvvəlkilərdən fərqləndi. Uzun aradan sonra ölkə çempionatı təmtəraqlı – Avropa və dünya çempionatları səviyyəsində baş tutdu. Rəqabətin gedişində əyləncələr, xidmətlər, bilik oyunları öz yerində. Himayədarlar da çox idi, Maşallah olsun, saymaqla bitmirdi. Açılışa ölkənin ali idman qurumlarının ən yüksək səviyyədə təşrif buyurması, onların mərasimdə çıxış etməsi tədbirin nüfuzunu birə-beş artırdı. Tək çatmayan Mikayıl Cabbarov idi. AGF prezidenti dövlət işlərinin çoxluğu (31 sahəyə rəhbərlik edir) ilə əlaqədar yəqin yarışı televiziyadan izləyirdi. Xeyli zaman sonra ölkə çempionatında fəxri kürsüdə yer alanlara pul mükafatının veilməsi də təqdirəlayiqdir. Güləşə vaxtıkən və indi xidmət edənlərə “fəxri diplom”ların təqdim olunması alqışalayiqdir. Kəsəsi, federasiyaya yeni gələn icraçıların təbliğat-təşfiqatı yaxşı bacardıqlarından, nə olmasa da, hər şeyin mükəmməl göründüyünün təqdimatından sıxıntı olmayacaq. Təzə baş katib Pərvin Piriyevin son gündə çıxışında bir cümlə elə kifayət edir: “İdmanı insanlara maraqlı bir şou kimi təqdim etdik”.
Sirkə çox tünd olanda…
İndi isə, nöqsanlardan və çatışmamazlıqlardan söz açım. Çəkiölçmənin kamera müşahidəsi ilə aparılması şəffalığı təmin edən vasitələrdəndir. Bu, müsbət məqamdır, irəliləyişdir. Amma beynəlxalq yarışlarda olduğu kimi 2 kq artıq icazənin verilməsi böyük narazılığa səbəb olmuşdu. Güləşçilərin indidən güzəştlə güləşmələri yurd dışı sınaqda bu sarıdan çətinliklə üzləşmələrinə səbəb ola bilər. Müşahidələrim göstərdi ki, millinin məşqçiləri bundan narazı, onlarla məsləhətləşmə aparılmadığından gileylidilər. O mütəxəssislər ki, uzun illərdir ağır yükü çiyinlərində daşıyırlar. Bəhrələnənlərsə, elə rəhbərlik(lər) olur.
Cürbəcür işıqlandırma, xalçaların kənarlarında elektron təbliğat lövhələri, müxtəlif guşələrdə qonaqlar üçün qidalanmalar, həlledici görüşlərə bahadırların izdihamla dəvəti və ekranda onların görüntüləri ilk hadisəydi. Təbii ki, bu da müsbət məqamlardandır. Amma səsgücləndricinin həddən artıq yüksək olması zalda çalışanlara və söhbət edənlərə mane olur, öz ağırlığı ilə insanları yükləyirdi. Nəzərə almaq lazımdı ki, Bakı idman sarayı iritutumlu qurğulardan deyil, səs geniş şəkildə yayılmır, qayıdıb adamın öz içinə dərin nüfuz edir.
Milli geyimli qızlara vida
Çempionatın açılışı 7 yanvar 17:00-a təyin edilsə də, eyni saatda növbəti günə ertələnməsi onu göstərir ki, hazırlıq zərgər dəqiqliyi ilə ölçülməyib. Özəl zonalar üçün nəzərdə tutulan “təşkilatçı” vəsiqələri sayı da düzgün hesablanmamışdı. KİV nümayəndələrinə də onlardan verilsə də, sonrakı günlərdə o da bitmişdi. Məsələn, mənə çatmadı. Peşəkarlıq olsaydı, faydalı iş əmsalını nəzərə alıb öncədən bəndəniz üçün ayrılmalıydı. Bunca yarışlarda təhlükəsizliyinin həddən artıq yüksək olması da bir şey deyil – insanlar rahat, sərbəst şəkildə hərəkət və tamaşa etməlidirlər.
Öncəki ölkə çempionatlarının mükafatlandırmalarından fərqli, bu dəfə milli geyimli qızlar gözə dəymədi, açılışda zorxanadan və milli güləşdən numünəvi çıxışlar da olmadı. Amma yeni baş katibin yarışın son günündə yekun nitqi tam fərqliydi: “Güləş – bizim üçün yalnız idman növü deyil, o, milli kimliyimizin bir parçasıdır. Bu, bizim xalqımızın döyüşçü ruhunu idmanda özünü tapmış bir hissəsidir və bizim üçün çox dəyərlidir”. Avaz yaxşı gəlir, oxunan Quran olsa. Açıq bilinir ki, Azərbaycan dövlət iqtisad universitetinin məzunu güləşin tarixini yaxşı oxuyub əzbərləyib. Hərçənd, Pərvin Piriyevin dediyi ilə əməli hələ tam üst-üstə düşmür.
Fazil Məmmədovun dövründən yaxşı olacaq?
Son ölkə çempionatının qaliblərinə 1000 (olimpiya çəkiləri 2000), 2-ci yerlərə 700, 3-cü sıranın sahiblərinə 300 manat pul mükafatı verdilər. Yeni rəhbərlik gələndən, “Fazil Məmmədovun dövründən də yaxşı olacaq”, “əvvəl belə şey yox idi, indi var” kimi deyimlər yayılmağa başlayıb. Bu yaxşı hal deyil, bölünməyə və içdən yeyilməyə aparacaq. Sovetlər o üzdən dağıldı: hər yeni gələn köhnənin qurduğunu bəyənmədi, dağıdıb yenidən başladı, nəticədə, zamanla inkişafdan geri qaldı. Xatırladım ki, o dövrdə idmançılara və məşqçilərə verilən mükafatlar, AGF-də çalışanlara ödənilən maaş indikindən qat-qat yüksək, qara kürünün, qonaqlara bahalı hədiyyələrin sayı-hesabı yox idi. Yarışlar da yüksək səviyyədə keçirilirdi. Ölkə çempionatlarına bütün titullular qatılırdı, mübarizələr gərgin və baxımlıydı. Ulduz güləşçilər rəqabətə rəng qatırdılar. Legionçularla yerlilər arasında didişmə gedirdi. Öncə tədbirlər yeni istifadəyə verilən “Sərhədçi” idman mərkəzində, sonralar nəhəng Heydər Əliyev idman kompleksində keçirilirdi.
Beynəlxalq güləş federasiyasının təqvimində hər yaş qrupunda ən azı 1 yarış vardı, ümumi say 5-i ötürdü. Cabbarovçuların bəh-bəhlə öyündükləri Azərbaycan çempionatında o vaxt qızıl medalçıya 5000 manat verilirdi. Hər mükafatçıya təqdim olunacaq tam idman dəstləri manikendə elə fəxri kürsünün yanında nümayiş etdirilirdi. Həmin dövrün məbləği ən azı indikinin ikiqatıdır. Çünki o dövrdən bəri manat 2 dəfə dollar qarşısında dəyər itirib, illərboyu müxtəlif istiqamətlərdə qiymət artımları baş verib.
100 min pul xərcləndi…
Yarışda xeyli tərəfdaş gözə çarpdı: “Buta Supply”, “Sport System”, “Badamlı”, “Baskent restorant”, “Go Sport”, “Eventrent”, “Bank Respulika”, “İnam”, “Beep Group”, “Dukkan Events”, AZEMMAGF, “Grapple Baku” və TOG. İşıqlandırmanı “Color Storm” həyata keçirdi. Deyə bilmərəm o şirkət AGF-ə yaxındır, yoxsa GİN-ə. Bəllidir ki, sponsorların çox olması müsbət tərəfdir, nüfuzdan xəbər verir. Təqribi hesablamama görə, bu ölkə çempionatına himayədarlarla birdə 100000 manat xərc çəkilib. Tədbirə dəvət edilən 6 olimpiya dərəcəli beynəlxalq hakimə adətən günə 100 dollar nəzərdə tutulur (nisbətən aşağı dərəcəli yerli referilər belə, səviyyədə onlardan geri qalmır). Bu, cəmdə 5 günə 5100 manat; qalmaq və qidalanma orta hesabla 1 nəfərə günə 100 manat 1 həftəyə ümumilikdə 4200 manat. Təyyarə biletini orta hesabla bir yerdə 6000 manat təxmin etmək olar. Bakı idman sarayında icarə haqqı günə 4000 manatdır. 5 günə 20000 min edir. Üstəgəl, 1 gün öncə quraşdırıma: 2000. Son gündə tam çıxış olmasa, əlavə 2000 manat ödəmək lazım gəlir. Yarışın ümumi mükafat fondu 58 min manat idi.
Təbliğat-təşfiqat üçün 10 masa işləyirdi. Günə orta hesabla 100 manat 5 günə 5000 manat edir. İşıqlandırma, səhnə, iti monotorlar və digərlər işlər də az vəsait tələb istəmir. Ortalama cəmdə 5000 manat. 18 yerli hakimin günlük qonararı təqribən 1600, cəmdə 8000 manat. Rayon hakimlərinin səfər xərcləri fərqlidir. Quraşdırılma-sökülməyə də ayrıca vəsait ayrılır.
…Diktorluqda 5-10 manatın söhbəti getdi
Əvvəlki baş katib Nəsimi Musayevin dövründə artıq xərclər təyinatı bilinməyən səfərlərdə və milli mətbuatın 150-illik tədbirində müşahidə olunurdusa, təzələrdə əsasən əyləncələrə dağıdılır. Çox qəribədir, 100 mindən çox təşkilatçılığa pul sərf edənlər diktorluq xidmətində 5-10 manatın qənaətini apardılar. Maraqlıdır ki, bu işdə öncədən nəzərdə tutulan büdcə xərcini də göstərmədilər. Belə məsələlər adətən “qara mühasibatlıq”da olur. Baxmayaraq ki, AGF-də hər şey şəffalıq üzərində qurulduğu deyilir və üzdə belə də görünür.
Keçmiş beynəlxalq hakimləri, karyeralarını təzə başa vuran titulluları, ölkə çempionatında fərqlənənləri mükafatlandırmaq yaxşı şeydir. Amma ustadları da unutmaq olmaz. Çox əla olardı, fəxri kürsüdə ödülləndimədə gənc veteranlarla yanaşı, yaşlılar da dayansın. Elələri var, 80-ni haqlayıblar. Axı onlar bizim yaxın tariximizdir. Keçmişini unudanın gələcəyi olmaz!
Azərbaycan çempionatı bitəndən sonra tədbirdə zəhməti olanların şəkilləri və vəzifələri böyük ekranda göstərildi. Nədənsə, əvvəkli baş katibinki gözə dəymədi. Bəlkə vəzifəsi böyükdür, o üzdən, bilmirəm, amma AGF-in rəsmi saytında “rəhbərlik” bölməsində də Nəsimi Musayevə rast gəlinmir. Baxmayaraq ki, federasiyada çalışır, deyilənə görə yenə maliyyəyə nəzarət edənlərdəndir.
Yeri gəlmişkən, ötən il milli mətbuatın 150-illiyində mətbuat katibi təqribən 50 KİV nümayəndəsini dəvət etmişdi. Elələri oldu axırda özləri evə gedə bilmədilər. Bu yarışda nəinki onların yarısı, heç 1/4 nəfəri yox idi. 5 gün ərzində vur-tut 10 jurnalist ya olardı, ya olmazdı.
Nə şaptadı, nə şupta
Sətirlər altında “idman şöbəsi”, “idman departamenti”, “təşkilat şöbəsi”, “təhcizat şöbəsi”, “texniki departament”, “ümumi şöbə”, “inzibati və loqistika departamenti”, “reelsmaker”, “videoqraf” və bu kimi bir-birinə bənzər çox vəzifələr vardı. Şöbələrdən birinin müdiri 2 həftəyə güləşi öyrənəcəyini deyirsə, onda ondan öyrənəcəkləri var. Çox gülməlidirlər: adi strukturu qura bilmirlər, biləni də işə götürmək istəmirlər. Bu azmış kimi, Azərbaycan idman akademiyasının diplomunu da qəbul etmirlər. Deyirlər, onunla deyil, iqtisadçı, həkim, musiqiçi, mühəndis, hüquqşünas da gəlib güləşi qaldıra bilər. Ümumən, 2021-ci ildən Mikayıl Cabbarov güləş federasiyasının başına keçəndən sonra, kənardan bir nəfər belə istiqamət üzrə işə dəvət edilməyib. Kimlər gəlibsə, ya tapşırıqla, ya da dost-tanışlıqla olub.
Ölkə çempionatının gedişatında və sonra yeni rəhbərliyə yarınanlar az deyildi. Bu, yaxşı hal deyil. Məddahlıq varsa, demək, işi bacarmayanlar çoxdur və onlar yaltaqlıqla öz bacarıqsızlıqlarını və acizliklərini ört-basdır etməyə çalışırlar.
“Onlar padşahın taxtını çevirib ağ günə çıxdılar, bunlar kolkoz qurub əlləri bala batacaq”
Ən təhlükəlisiysə, cüdonu yamsılamaqdır ki, bu da sonda ağır fəsadlarla nəticələnə bilər. Birincisi, hər 2 olimpiya növü ölkədə aparıcıdır, “dördilliy”in ən böyük idman bayramlarında qabaqcıllardandır, yəni dərin rəqabət var, biri digərinə məsləhət versə də, əsas gedişi göstərməz. İkincisi, yaxın keçmişdə özündə güclü struktur-sistemi olan bir federasiya onu yenidən canlandırıb təkmilləşdirməlidir, nəinki əsas rəqibinkini köçürməməlidir. Üçüncüsü, həddən artıq sərt nizam-intizam və bürokratiya azadlığı sevən, çılğın və heç də hər zaman olanlarla barışmayan güləşdə əks təsir verə bilər. Çünki qədim və zəngin ənənələri olan güləş sadəcə idman, mübarizə növü deyil, həm də milliliyin, ruhun, mənəvi dəyərlərin, ədalət və haqqın tərənnümçüsüdür. İdman ictimaiyyətində bir zamanlar rəğbətlə qarşılanan “Hər ailədə-bir güləşçi!” şüarı, əslində, sadaladığım bu işlərin başlıca hissəsi ola bilər. Fikrimcə, bir vaxtlar dillər əzbərinə çevrilmiş bu şüarın konkret məqsədlərin qayəsinə çevrilməsi zamanı da artıq yetişib. Çünki özlüyündə proqram xarakteri daşıyan bu ifadə həm də güləşimizin vahid kökdən qaynaqlanıb, artan və artdıqca şaxələnən budaqları ilə yeni inkişaf tempinin təməlini qoya bilər. Eyni zamanda o, bölgələrdə dayaq prinsiplərinə söykənən özünəməxsusluğu da nəzərə alınmaqla, hər yerdə güləş xalçamıza yeni-yeni istedadlar qazandıra bilər. Demək, hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu uğurların imtahan məqamı isə qarşıdakı 2 ildə də qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, 2028-ci ildə yetişəcək Los Anceles oyunları deyəcək.
Kamran HACI