Fərrux İsmayılov: Hədəfdən biri də Qarabağ bölgəsinin yaradılmasıdır

“İndi pandemiya ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi dayandırılıb. Lakin tezliklə yarımçıq qalan və yeni layihələrə start veriləcəyinə ümid edirəm”. Allsport.az saytının məlumatına görə, bu sözü AFFA-nın kütləvi futbol departamentinin yeni rəhbəri Fərrux İsmayılov deyib. Keçmiş milli oyunçu açıqlamasında koronavirus pandemiyasının bütün sahələr kimi, kütləvi futbola da mənfi təsir etdiyini də vurğulayıb, həmçinin əsas hədəflərdən danışıb:

“Əsas məqsədlərdən biri işğaldan azad olunmuş rayon və şəhərlərin futbol klublarını yaratmaq olacaq. Bu komandaların region liqasında iştirakını təmin edəcəyik ki, bunu da AFFA rəsmən açıqlayıb. Hədəflərdən biri də budur ki, Qarabağ bölgəsinin yaradılması ilə bağlı işlər görülsün. Əhalimiz orada məskunlaşandan sonra futbolla bağlı çoxlu layihələr həyata keçirəcəyik”.

O bu vəzifəyə təyinatına da toxunub: “Kütləvi futbol departamentinə rəhbərlik etməyim AFFA-dan məsləhət bilindi. Bu etimada görə təşəkkür edirəm. Keçidlə bağlı “Neftçi” rəhbərliyi ilə də danışdım. Onlar da mənə dəstək oldular. Bu məndə bir qədər də özünəinam yaratdı. Klub rəsmiləri ilə halallaşdıqdan sonra, təklifə razılıq verdim”.

Həmin kateqoriyadan