- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
21 noyabr 1965-ci il tarixində Braziliyanın möhtəşəm “Marakana” stadionuna toplaşmış 132 min azarkeş onilliyin qoluna şahidlik etdi. Məhz bu tarixdə “Marakana”da keçirilmiş Braziliya – SSRİ matçında “Neftçi”nin yetirməsi Anatoli Banişevski başı ilə uzaq məsafədən vurduğu qolla adını tarixə yazdırdı. Matçın 54-cü dəqiqəsində Pelenin vurduğu qola sevinən azarkeşlər, cəmi 5 dəqiqə sonra sükuta qərq oldu. Qoldan sonra Banişevskiyə yaxınlaşan Pele onun əlini sıxaraq təbrik etdi. Braziliyalıların yaddaşında “qızıl baş” ləqəbi ilə qalan əfsanə futbolçu bu günə kimi də “Marakana” stadionunda qol vurmuş yeganə həmyerlimizdir.
Təbii ki, Braziliyada yaşlı nəslin nümayəndələri həmin matçı və Banişevskinin qolunu yaxşı xatırlayırlar. Gənc nəsil isə tarixə şahidlik etmək üçün “Marakana” muzeyinə üz tuturlar.
“Neftçi” PFK-nın Braziliyada rəsmi işgüzar səfərdə olan icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov “Marakana” muzeyinin nümayəndələri ilə görüşüblər. Görüş əsnasında Azərbaycan futbol tarixinin ən köklü klubu olan “Neftçi” barədə məlumatlar verilib. Daha sonra komandamızın yetirməsi olan və peşəkar karyerası ərzində yalnız “Neftçi”də oynamış A.Banişevskinin “Marakana”da vurduğu qol xatırlanıb və futbolçu haqqında rəsmi məlumatlar muzey rəhbərliyinin diqqətinə çatdırılıb. Sonda əfsanəvi futbolçumuz A.Banişevskinin forması muzeyə hədiyyə edilib. Bundan sonra Braziliyanın futbol iqamətgahı sayılan bu stadionda yerli azarkeşlər “Neftçi”nin əfsanəvi “9” nömrəsinin formasını da görə biləcəklər.
İnanırıq ki, bu gün “Neftçi”nin sıralarında olan gənc və yeniyetmə futbolçular arasından A. Banişevskinin davamçıları çıxacaq və onlar gələcəkdə ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edəcəklər.