15 faizlik büdcə, lazımsız icraiyyə komitəsi və komandaların sayı azalan PFL

1-ci divizionla bağlı bütün suallara bir gün ərzində son qoyuldu. Allsport.az saytı xəbər verir ki, gün başlayan kimi AFFA-nın Apellyasiya Tribunalı yarışa buraxılmamalarından şikayət edən “Bakılı” və “Şahdağ”a növbəti dəfə rədd cavabı verdi, ardınca yeni mövsümün püşkü atıldı.
“İldırımsürətli hücum” elə reallaşdı ki, inciklərin buna etiraz etməyə də vaxtı olmadı. Hər şeyə qısa zaman kəsiyində qərar verildi, hətta start günü də müəyyənləşdi: oktyabrın 3-də yeni mövsüm start götürəcək.
16 dəqiqə gecikmə ilə başlayan püşkatma mərasiminin əvvəli qəribə alındı. Əslində, bu tədbirə kimi yeni mövsümlə bağlı bütün suallara aydınlıq gəlməliydi və gəlmişdi də. Lakin iştirakçı komandaların rəsmiləri növbəti dəfə polemikanı lazım bildi.
10 komandanın 3 dövrədə mübarizə aparması elan ediləndən sonra bu yeniliyi qəbul etmək istəməyənlər oldu. Lakin heç kim alternativ variant təklif edə bilmədi. İndiyədək tək sayda dövrə olan yarış təşkil edilmədiyindən, əvvəlcə klub rəsmiləri bunu qəbul etmək istəmədi. Çünki bütün cütlərdə komandalardan biri digərinə bir dəfə artıq qonaq gedəcək. Amma indiki halda bu,məcburiyyətdən atılan addımdı. 2 dövrə az, 4 dövrə həddindən artıq çox oyun keçirilməsi deməkdi – ona görə bir az qeyri-adi görünən 3 rəqəmi məqbul bilindi.
Klub rəsmiləri nəhayət ki, razı salındı. Halbuki müzakirə konfrans zalında açılmamalı, daha öncədən bilinməliydi. İstənilən halda, püşkdən asılı olaraq, ilk turda meydan sahibi olanlar səfər oyunlarının azlığına görə (14-13) kiçik üstünlük qazandı. Amma məhdud büdcə üzündən səfərdə çox oynamaqdan ehtiyat edən klubların hansının daha çox əziyyət çəkəcəyi təqvim tam açıqlanandan sonra bəlli olacaq.
Maraqlıdı ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev klub nümayəndələrini narazılığını maddi məsələylə bağlı verdiyi vədlə aldı. O, bütün klubların sponsorları ilə danışdığını, büdcələrə 15 faizlik əlavə ediləcəyini dedi. Klubların əksəriyyətinin SOCAR tərəfindən maliyyələşdiyini nəzərə alsaq, məbləğin necə artırılacağı bəllidir.
Yeni mövsümdə komandalar meydana eyni vaxtda maksimum 2 legioner buraxa biləcək. Qalan 9 oyunçudan isə minimum üçü 1996-cı il təvəllüdlü və ya daha gənc olmalıdır.
Musayev çıxışında ötən mövsüm danışılmış oyunlarla bağlı yaranan qalmaqala da toxundu. O, növbəti dəfə ölkəmizin adının qara siyahıya düşəcəyi təqdirdə avrokuboklarda bir yeri itirməyimizin qaçılmaz olduğunu vurğuladı. Prezident klub nümayəndələrinə xəbərdarlıq etdi ki, bu səbəbdən qara əməllərə qarşı mübarizədə amansız olacaqlar. Hər oyuna xüsusi nümayəndələr göndəriləcək, şübhə doğuran məqamlar hüquq-mühafizə orqanlarında araşdırılacaq.
Musayevin “Bakılı”nın çemionatdan uzaqlaşdırılması ilə bağlı dedikləri də maraqlıydı. O, klub prezidenti Misir Əbilovun məktubla müraciət etdiyini dedi: “Əbilov səbəb kimi ölkə xaricində olduğunu göstərib. Dedi ki, özüm burada olmayacamsa, çempionatda iştirak etmək istəmirəm”.
Xatırladaq ki, Əbilov püşkatma mərasimindən öncə AFFA-daydı və çempionata buraxılmamalarından narazılığını bildirirdi. Görünür, ona ötən mövsüm komandasının adının danışılmış oyunlarda hallanması ilə bağlı ciddi faktlar göstərilib, üstəlik, imzası ilə gülünc bəhanəli rəsmi məktub da alınıb. Əbilov ölkədən gedirsə və özü olmadığı üçün komandanın çıxışını dayandırırsa, o zaman niyə apellyasiya şikayəti vermişdi? Yəqin ki, bu sualın cavabı bir neçə ildən sonra veriləcək, lakin o zaman Misir bəyin açıqlamaları heç kimə lazım olmayacaq. Əsas odur ki, daim oyunları şübhəli olan bu komanda daha başımızı ağrıtmayacaq.
Ramin Musayevin növbəti mövsüm haqda açıqlaması daha çox populizm yüklü idi: “Növbəti mövsümdə elitaya 4 klub çıxacaq və Premyer Liqada 12 komanda iştirak edəcək. Nəticədən və imkanından asılı olaraq, komandalar Premyer Liqada iştirak edə biləcək”.
Əslində, bu, həm də elitanı heç kimin tərk etməyəcəyi deməkdi. İcraiyyə komitəsinin qərarı olmadan belə açıqlama nə dərəcədə məqsədəuyğundu? Qoy, bu barədə AFFA rəhbərliyi və 7 aydı İK-nı yığa bilməyən baş katib Elxan Məmmədov danışsın.
Püşkdən əvvəl ilk dövrəylə 3-cü dövrənin təqviminin eyni olacağını bilən klub nümayəndələrinin hamısı ilk turda ev sahibi olmağı arzulayırdı. Amma püşk yalnız 5 komandanın üzünə güldü. Nəbiyev qardaşlarından isə yalnız biri sevindi. “Turan Tovuz”un icraçı direktoru Nadir bəy “Şüvəlan”ın baş məşqçisi olan qardaşı Aqili 2 dəfə doğma rayonda qəbul edəcək. Təqvim açıqlanandan sonra bəlli olsa ki, şüvəlanlılar Tovuza, Zaqatalaya, Ağsuya və İmişliyə 2 dəfə getməli olacaq, o zaman daha məyus görünəcəklər. Ümid edirik, klubların qrafikində aşkar bərabərsizlik yaranmayacaq.
“Forvard” firmasının istehsal etdiyi “Foster” topları ilə oynanacaq yeni mövsümün yayım məsələsi də sual altındadı. Musayev bizimlə söhbətdə bu məsələnin dəqiqləşmədiyini bildirdi. “Çox güman ki, ən maraqlı oyunları yayımlamaq üçün “CBC-Sport”a müraciət edəcəm” deyən Ramin bəy bu baxımdan ciddi problemlərin olduğunu etiraf etdi. Onu da boynuna aldı ki, bu məsələlər xahişlə yox, müqaviləylə tənzimlənməlidi. Amma…
(futbolinfo.az)

Həmin kateqoriyadan