2-ci böyük hesablı qələbə, premyer liqada 450-ci qol

Topaz premyer liqasının yeni mövsümünə “Səbail” ilə start verən “Qəbələ” klubu 3:0 hesabı ilə qalib gəlib. Allsport.az saytı xəbər verir ki, bu, klub tarixinə 49-cu böyükhesablı qələbə kimi düşüb. “Qırmızı-qaralar” 28-ci dəfə Premyer Liqa matçında 3 və ya daha çox top fərqinə nail olub.

“Qəbələ” tarixində 2-ci dəfə premyer liqada mövsümə böyükhesablı qələbə ilə başlayıb. İlk belə hadisə 2008/09 mövsümündə qeydə alınmışdı. 10 il öncə komanda startda “Muğan”ı 4:1 hesabı ilə məğlub etmişdi.

“Səbail”lə matçda vurulan ilk top “Qəbələ”nin ölkə çempionatında 450-ci qolu kimi tarixə düşüb. Yubiley qolunun müəllifi Asif Məmmədov olub. “Qırmızı-qaralar” 365-ci oyununda rəqib qapısına vurulan topların sayını 452-yə çatdıra bilib.

O, həm də özünün “qırmızı-qara” forma ilə 10-cu çempionat qolunu vurub. Ümumilikdə isə yarımmüdafiəçi “Qəbələ”də 13 dəfə rəqib qapısına yol tapıb. Bütün qollarını çempionatda vuran Ürfan Abbasov isə 3-cü dəfə fərqlənib.

Əyalət komandasının qol hesabını açan Ceyms Adeniyi klub tarixinə bunu bacaran 120-ci oyunçu kimi düşüb. O, “qırmızı-qaralar”ın premyer liqada qol vuran 92-ci futbolçusudur.

5 oyunçu isə ilk dəfə klubun formasını geyinib. Sabien Lilay, Ceyms Adeniyi, Lalavele Atakora, Bəhlul Mustafazadə və Rauf Əliyev Avropa liqasının ardından çempionatda da “Qəbələ”də debüt ediblər. Bununla da komandanın elitada çıxış edən futbolçularının sayı 214-ə çatıb.

Həmin kateqoriyadan