“2-ci yer uğrunda mübarizə aparmalıyıq”

“40 yaşıma qədər davam edən futbolçu karyeram yalnız Xorvatiya ilə bağlıdır”.

Allsport.az xəbər verir ki, bunu “Sabah”ın yeni baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis klubun mətbuat xidmətinə verdiyi müsahibədə məşqçi karyerasından danışıb: “Futbolçu karyeramı bitirdikdən sonra 2018-ci ildən məşqçiliyə başladım. Həmin vaxtdan Xorvatiyanın bir neçə klubunu çalışdırdım. Sonuncu iş yerim Bsniya və Hersoqovinanın “Zrinski” klubu olub. Qürurla demək istəyirəm ki, biz həm kuboku, həm də çempionluğu qazanaraq, böyük nəticələr əldə etdik. Bundan əlavə, Avropa kuboklarının qrup mərhələsində iştirak edən ilk Bosniya klubu olaraq, tarixə düşdük”.

Renduliç qarşıda “Sabah”ın qarşısında duran hədəflərdən bəhs edib: “Futbolçular üçün zehni və fiziki güc çox vacibdir. Özüm futbolçu kimi çox istəkli olmuşam və bu cür oyunçular da xoşuma gəlir. Hətta istedadlı futbolçuların da uğur qazanması üçün əzimkarlıq və istək lazımdır. İlk işə başladığım gündən öz hədəflərim var və o hədəflərə mümkün qədər yüksək səviyyədə nail olmaq istəyirəm. Futbolda, idmanda və həyatda qarşınıza kiçik hədəflər qoymağınız sizi böyük hədəflərə çatdırmayacaq. Ancaq böyük hədəflərə köklənməklə bu mövsüm məqsədə nail olmaq mümkündür. İddialı olmalı və 2-ci yer uğrunda mübarizə aparmalıyıq. Buna nail olmaq üçün kifayət qədər keyfiyyətli komandamız var. Azarkeşlərə çalışacağımız, sonadək mübarizə aparacağımızı və daima istəkli olacağımızı demək istəyirəm”.

Qeyd edək ki, “Sabah” xorvatiyalı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan