2 milyon pul verirlər, oynatmağına bax! Ordan bir tuş!

“Evləri köndələn yar” film-tamaşası toy səhnəsi ilə başlayır. Bəy və gəlin “Vaqğalı” ilə məclisin başına gətirilir. Qonaqlar deyir, gülür, oynayırlar. Yığıncağın hər şıdırğı yerində bəyin dayısı tamadanın sözünə bir əmma çıxarır. Surxayzadə də çətinə düşəndə, manıslara “bir tuş” deyir. Futbol millimizin son halı da belədir. Sadəcə, tamadalar dəyişib. İndi Santuşun havasıdır. Bizə yaxşı toy tutur. Daydayısı çox güclüdür: hazırda Azərbaycan futbolunu fırladır.

Hər əcnəbi mütəxəssis gələndə, idmansevərlər ümidlənsə də, sonda bunun tam əksi olur. Biri gedir, digəri gəlir. Yaxşıca qazanır, sonra yola salınırlar. Tək qazanmayan ölkə futbolu olur. İllərlə millinin üzərində təcrübə aparılır, amma əlac tapılmır ki, tapılmır. Gedən elə xalqın milyonlarıdır. Millətlər liqası yarananda millətimiz sevindi ki, indi millimiz burdan Avropa çempionatına çıxacaq. Ancaq buna yaxın olan və sonda sevinən qonşularımız oldu.

Azərbaycan seçməsi mübarizəyə yenilgi ilə başlayan bir məqamda, ARDNŞ-dən qidalanan Gürcüstan millisi son matçda evdə çexlərə 4 qol vurdu. Axırda birini də buraxdı ki, qonaqlar əliboş qayıtmasın. Nəinki oyun, hətta stadionun ot örtüyü də bizdən qat-qat yüksək idi. Ən acınacaqlısı isə, Elxan Məmmədovun dəvət etdiyi Canni de Byazi, bu komanda ilə ötən ilin noyabrında AÇ-in ələməsində paytaxtda İsveçə 3 cavabsız qol vurduğu halda, 9 ay sonra millimiz evdə həmin rəqibə 1:3 uduzmasıdır. Hələ demirəm, baş məşqçini sayan yoxdur.

AFFA-nın mirzələri isə deyir ki, onda İsveç oyuna motivasiyasız çıxmışdı; bu yarışda üzülmək qəbahət deyil, əsas dünya çempionatının mərhələsidir. Məgər millətlər liqasında hər qələbə əmsal xalı vermirmi və bu, bizə lazım deyilmi? Qələbə istəməyən əsgərdən heç çavuş da çıxmaz. Hər məğlubiyyətdən sonra “günahı” yenə Elxan Məmmədovda axtarırlar. Bitmədimi? Adam 3 ildir ölkədə yoxdur.

Y.S. Ümid? Yalnız gənclər və idman naziri Fərid Qayıbovadır! Nazir təyin olunduğu bu 3 ildə Azərbaycana 2 olimpiya qızılı qazandıran (əlavə, 2 final) və Paris-2024-də tarix yazan (ilk dəfə 30-cu yer) 45 yaşlı məmur, futbol təsərrüfatının da öhdəsindən məharətlə gələr. Necə ki, inkişaf istiqamətdə ilk addımı atmağa başlayıb…

Kamran HACI

Həmin kateqoriyadan