2,5 milyon dollarlıq hücumçu “Qarabağ”ın hədəfində

Dino Ndlovunu Çin klubuna satan “Qarabağ” yeni hücumçu axtarışlarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi CAR-ın “Mamelodi Sandaunz” klubunun hücumçusu Xama Billiatın xidmətində maraqlıdır. Bu barədə Cənubi Afrika mətbuatı məlumat yayıb. Xəbərdə “köhlən atlar”ın zimbabveli futbolçunun transferi üçün onun klubuyla danışıqlar apardığı qeyd edilib.

Mənbənin bilgisinə görə, “Mamelodi Sandaunz” klubla müqavilə müddəti bu ilin yayında başa çatacaq 27 yaşlı futbolçunun transferi üçün 2,5 milyon dollar tələb edir. “Qarabağ” isə CAR təmsilçisi ilə danışıqlar zamanı bu məbləği aşağı salmağa çalışır. Xəbərdə həmçinin, təmsilçimizin Zimbabve millisinin də üzvü olan futbolçuya aylıq 40 min dollar ödəməyə hazır olduğu da vurğulanıb.

Futbolinfo.az-ın məlumatına görə, karyerası ərzində “Mamelodi Sandaunz”dan başqa, ölkəsinin “KAPS Yunayted” və CAR-ın “Ayaks Kape Taun” klublarının da şərəfini qorumuş Billiat, 2011-ci ildən Zimbabve millisinin üzvüdü. O, yığmada keçirdiyi 26 oyunda 7 qola imza atıb.

Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilən futbolçunun əsas mövqeyi ikinci hücumçudu. Billiatın hər iki ayağı işləkdi. Zimbabveli futbolçu cari mövsümdə şans qazandığı 7 oyunda 3 qol vurub.

Həmin kateqoriyadan