- Baxış sayı: 7
- 21 Noyabr 2024 13:58
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
«Xəzər» televiziya kanalı ölkənin ən baxımlı kanallarından biridir. Özünəməxsus bir yolu var və bu yolda da tamaşaçılar sapmalara rast gəlmirlər. Bu yol milli adət-ənənələrə, milli mentaliltetə söykənən bir yoldur. «Xəzər»lə müəyyən ünsiyyətim olduğu üçün əməkdaşlarını da tanıyıram. Gənc və istedadlı jurnalistlərdən ibarət gözəl bir kollektivə malikdir.
Bu kanal bir çox ilklərə imza atıb. Və həmişə də axtarışdadır. Xəbərlər proqramını xüsusilə qeyd etmək istəyirəm. Bu digər televiziya kanallarındakı xəbərlər proqramından fərqlənir. Söhbət təkcə operativlikdən getmir, söhbət xəbərlərin necə təqdim olunmağından, təqdim olunan süjetlərin necə hazırlanmasından gedir. Eləcə də tənqidi süjetləri böyük ilgi görür, tənqid olunan obyektlər dərhal nöqsanları aradan qaldırmağa çalışırlar. Yəni tamaşaçılarla sıx əlaqədədirlər. Onların istək və arzularını ictimailəşdirməkdən çəkinmirlər.
Məqsədim heç də «Xəzər» TV-ni təhlil etmək deyil. Mətbuatda oxudum ki, «Futbol saatı» proqramı bağlanır. Bu bir futbolsevər adam kimi mənə çox pis təsir etdi. Təəssüfləndim.
«Futbol saatı» «Xəzər» TV-də yayımlanana qədər ölkənin heç bir televiziya kanalında belə bir proqram yox idi. O Azərbaycan televiziya məkanında bir ilk idi. Və qısa bir zaman kəsiyində geniş tamaşaçı kütləsinin rəğbətini qazandı. «Futbol saatı»nın yüksək reytinq qazandığını görən digər kanallarımız da belə bir formatda verilişlər hazırlamağa başladı. Təbii ki, futbol pərəstişkarları buna çox sevindilər.
Amma yenə də «Futbol saatı» daha çox yüksək reytinqə malik idi. İnşallah, yenə də inanıram ki, malik olacaq.
«Futbol saatı»nın özəlliyi nə idi? Birincisi, verilişin aparıcısı Sənan Abdullayev və şərhçi Ceyhun Rzayev futbolu dərindən bilən, həm də futbola ürəkdən bağlı olan Azərbaycanın tanınmış beş-on jurnalistlərindən, daha dəqiq desək, birincilərdəndirlər. Bir özəllikləri də tərəfsiz olmalarıdı. Yəqin onların da tutduğu bir komanda var, amma bunu bildirməzdilər. Təxmin edirdim ki, «Neftçi»di, çünki o komandadan yana-yana danışırdılar. Bu verilişdə həmişə yüksək səviyyəli futbol mütəxəssisləri, həm də peşəkar hakimlər və peşəkar futbolçular iştirak edirdi.
Biz bu verilişdə Tahir Süleymanovu görürdük, Böyükağa Hacıyevi, Ağasəlim Mircavadovu, Xaqani Məmmədovu, Kamal Quliyevi və digər bu səviyyədə olan mütəxəssisləri görürdük. Həm komandaların oyunları təhlil olunurdu, həm də futbolumuzun özü, çatışmazlıqlarımız. Bu çatışmazlıqların aradan qaldırılması yolları müzakirə edilirdi. Və mövqelər də çox kəskin ortaya qoyulurdu, eləcə də hamıya söz haqqı tanınırdı.
Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizdə futbolun inkişafı ilə bağlı sərəncamları var, tövsiyələri var və «Futbol saatı» da öz işini bu sərəncamlardan və tövsiyyələrdən irəli gələn vəzifələrin üstündə qururdu. İnşallah, yenə qurar.
Futbol həvəskarları bu verilişin başlamasını intizarla gözləyirdilər. Çünki bu veriliş onların ürəyincəydi, həm də onların ürəyindəki tikanı çıxarırdı.
Azərbaycanda idman, eləcə də futbol inkişaf etdikcə təbii ki, idman jurnalistikası da inkişaf etməyə başladı. Sovet dönəmində idman jurnalistləri vardı, amma bu gün yalnız çox az ad xatırlaya bilərik: Şamil Şahməmmədov, Şakir Yaqubov və Adil Qaçayoğlu. Adil Qaçayoğlu da əsasən müstəqillik dövründə öz sözünü deməyi başarırdı. Əslində adlarını çəkdiyim bu şəxslər sırf idman jurnalistləri deyildilər. Yəni işlədikləri redaksiyalarda onlardan bu yazılar tələb olunmurdu, amma onlar futbolu ürəkdən sevdiklərindən bu mövzuya tez-tez əl atırdılar.
Və bu gün də həqiqətən çox güclü bir idman jurnalisti ordusu yetişməkdədir. Azərbaycan mətbuatında önəmli yer tutan futbol qəzetləri və saytları fəaliyyət göstərir. Şəxsən mən bəzən lap gecə saatlarında «Qol.az» və «Futbol+» saytlarını açıram. Çünki bilirəm ki, çox dəqiq informasiyalar bu saytlardadı. Eləcə də, «APA sport»un , «Futbolpress»in, «Azerisport»un fəaliyyəti xoşa gələndi. Amma yenə qayıdıram «Futbol saatı»nın üstünə. Heç kimə bənzəməyən və geniş tamaşaçı kütləsinin ən çox izlədiyi bir proqram.
Mənim Sənan Abdullayevlə və Ceyhun Rzayevlə şəxsi münasibətim yoxdur. Halbuki mən bütün idman jurnalistləri ilə dostluq edirəm, xüsusilə futbol yazarları ilə, bu bir təsadüfdür. Onlarla iki-üç dəfə futbolda rastlaşmışıq, ya futbolla bağlı hansısa bir tədbirdə uzaqdan-uzağa salamlaşmışıq. Və bu yazını da qətiyyən nə Sənan Abdullayevin, nə də Ceyhun Rzayevin xətrinə yazdım, futbolmuzun xətrinə və «Futbol saatı» kimi gözəl bir proqramın xətrinə qələmə aldım. Belə bir verilişin efirdən ayrılmasını istəmədiyim üçün qələmə aldım.
Üzümü tuturam «Xəzər»TV-nin rəhbərliyinə, imkan verməyin bu veriliş bağlansın. Ola bilər formatı dəyişə bilər, bu artıq yaradıcılıq işidi. İnanın, bu veriliş «Xəzər» TV-yə reytinq gətirən verilişlərin önündə gedənlərindəndir.
«Xəzər» TV-yə yeni yaradıcılıq uğurları arzulayıram və «Futbol saatı» verilişini yenidən efirə qaytaracaqlarına da inanıram.
Bu təkcə mənim arzum deyil, futbol cameəsinin və futbol sevərlərin arzusudur.
Tanrı hamının arzusunu çin eləsin!