Rəşad Abdullayev üçün əlamətdar tur

Rəşad Abdullayev Azərbaycan çempionatlarında 350-ci matçını keçirib. Allsport.az xəbər verir ki, onun yubiley oyunu Topaz Premyer Liqasının 15-ci turunun “Neftçi” ilə qarşılaşmasına təsadüf edib.

Matçın gedişində oyuna daxil olan yarımmüdafiəçi Azərbaycan çempionatlarının 23 illik tarixinə 350 və daha çox qarşılaşmada iştirak edən 6-cı futbolçu kimi düşüb. Belə ki, onadək yalnız 5 oyunçu buna nail olub. Bu göstəricidə mütləq rekord isə Mahmud Qurbanova məxsusdur – 421 oyun.

Ölkə çempionatında 1999/2000 mövsümündə debüt edən Abdullayev karyerası ərzində “Xəzər Universiteti”, “Xəzər Lənkəran”, “Neftçi”, “Qəbələ”, “Rəvan”, AzAL və “Zirə”də çıxış edib. O, 350 matçda 54 qol vurub.

Qeyd edək ki, 16-cı mövsümünü keçirən yarımmüdafiəçi “Xəzər Lənkəran”da bir (2006/07), “Neftçi”də iki dəfə (2010/11,2011/12) çempion tituluna yiyələnib.

Həmin kateqoriyadan