“Açığı, oyunu əks-hücumlar üzərində qurmuşduq”

“Kəpəz” premyer liqanın 4-cü turunda paytaxtda “Qarabağ” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Azər Məmmədov bunu söyləyib:

“İlk növbədə Şəhriyar Rəhimovun vəfatı ilə bağlı üzüldüyümüzü bildirir, mərhumun ailəsinə başsağlığı bildiririk. Ölkəmizi Avropada layiqincə təmsil etdiyinə görə “Qarabağ”a minnətdarlıq edib, uğurlar arzulayıram. “Qarabağ” Azərbaycan çempionatının ən güclü komandasıdır.

Bu gün görüşün favoriti də onlar idi. Gözlənilən o idi ki, rəqib qalib gələcək. Amma dünyada futbol bərabərləşmək üzrədir. Uşaqların möhtəşəm oyununa görə təşəkkür düşür. Onların oyununu qeyd etməliyəm. Futbolçular oyun nizam-intizamından kənara çıxmadılar. Nə tapşırıq vermişdiksə, onu da etdilər.

Bəzən çatışmazlıq olurdu. Açığı, oyunu əks-hücumlar üzərində qurmuşduq. İmkanlarımız da olurdu. Nəsə etməyə çalışırdıq və belə həmlələrin birində qol vurduq. Gəncədən gələn möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymadılar, layiqincə dəstəklədilər”.

Həmin kateqoriyadan