“Neftçi”nin yeni baş məşqçisi

Allsport.az xəbər verir ki, bu gün “Neftçi”nin müşahidə şurasının sədri Rövşən Nəcəf rumıniyalı futbol mütəxəssisi Adrian Mutu ilə görüşüb. Toplantıda hazırkı durumu və qarşıya qoyulan hədəflər barədə fikir mübadiləsi aparılıb, klubla bağlı gözləntilər diqqətə çatdırılıb. Sonra rumıniyalı mütəxəssis ilə 2 illik müqavilə imzalanıb.

“Ağ qaralar”ın ş baş məşqçisi təyin olunmasından şərəf duyduğunu bildirən Adrian Mutu deyib: ““Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına malik klubdur. Komandanın azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar.

Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. Məqsədim klubu layiq olduğu yerə – Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir.

İnanıram ki, “Neftçi” qitənin futbol meydanlarında böyük uğurlar əldə edəcək”.

Mutu 1979-cu il yanvarın 8-də anadan olub. Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan Adrian ölkəsində bir neçə klubla yanaşı, İtaliyada “İnter”, “Hellas Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarının formasını geyinib.

Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub. 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.

Adrian Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya Krayova” (Rumıniya, 2021) və “Rapid”in (Buxarest, Rumıniya, 2022-2023) baş məşqçisi olub. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Həmin kateqoriyadan