AFFA 3 klubu və 5 futbolçunu ağır cəzalandırdı

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 21-ci turunda qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

“Qəbələ” – “Keşlə” oyununda qonaqlardan Tərlan Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub. 

“Qırmızılar”ın 85 nömrəli futbolçusu Kamal Bayramov 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3200 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Neftçi” – “Zirə” oyununda “ağ-qaralar”dan Eddi İsrafilov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb. 

“Qartallar”dan Coşqun Diniyev 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Zirə” klubunun futbolçusu Ağabala Ramazanov 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Həmin kateqoriyadan