2 vəzifə tutan “sədri-əzəm” özünü kimdən qoruyur? 5-ci qatın qaranlıq otağı işıqlı sabah həsrətində

Azərbaycan futbolu son bir neçə ildə öz dəyərini itirməkdə davam edir və sürətli enişin nə vaxt başa çatacağı sual altındadır. Belə görünür ki, yüksəlişi gözləməyə dəyməz və bu haqda pronoz verənləri ciddiyə alma dəyməz. «Futbolun inkişafına dair dövlət proqramı» 2005-2015-ci illəri əhatə etdi və futbolumuz nə gördüsə, bu müddətdə gördü. Keçən 5 ilə yaxın müddətdə isə futboldan nə görübsə, yalnız Elxan Məmmədov görüb.
İdmanın «şah»ı tamamilə bu adamın əlindədir. Onun əlində daha nə yoxdur ki… AFFA, SOCAR-dan ayrılan milyonlarla vəsait, premyer liqa və 1-ci divizion klubları, milli komandalar, infrastruktur layihələri, bu sahəyə aid müxtəlif şirkəitlər.

Artıq 13 ildir ki, futbolumuz bu insanın varlığından əziyyət çəkir. Elxan Məmmədov 2007-ci ildə ilk dəfə AFFA-ya ayaq basanda, onu 3-4 nəfərdən başqa heç kim tanımırdı. Bu gün isə bu adamı 3-4 nəfər tanımayan olar, ya olmaz. Ötən 13 il ərzində ölkənin futbol həyatına hər cür zərbə vuran, reytinqdən salan, iş adamlarının top oyununa sərmayə yatırmaqdan iyrəndirən, yenilərini bu sahəyə yaxın gəlməyə qoymayan, ona tabe olmaqdan imtina edən klubları bir-birinin arlınca «qəbirstanlığ»a göndərən, əlqərəz, bütün hakimiyyəti öz əlində birləşdirməyə can atan və buna böyük ölçüdə nail olan Elxan Məmmədov AFFA-da yeganə söz sahibidir.

Yalan danışmağı özünə peşə seçən, saxta gülüşü altında gizlətdiyi məkrli planlarını həyata keçirməkdə davam edən bu zatın «arxa»sı çox güclüdür.
Müxtəlif səviyyələrdə özünə dəstəkçilər tapan AFFA-nın baş katibi cari ilin əvvəlində icraçı vitse-prezident vəzifəsinə də yiyələnməklə, təsir dairəsini bir qədər də genişləndirib və gücləndirib.
Federasiyada eyni vaxtda iki post tutan Məmmədov, əslində, özünü özündən qoruyur, özü-özünə nəzarət edir, əlinin üstündə əl olmasını istəmir.

Futbolumuz günbəgün geri getdikcə, Elxan Məmmədovun buxağı bir o qədər qabağa çıxır, mədəsi böyüyür. Niyə də olmasın? Axı o, artıq monopolist və iri şirkətlər sahibidir.
Son 13 ildə hər qəpiyə göz dikən, belə-belə külli miqdarda var-dövlət toplayan Elxan Məmmədov bundan sonra 50 il də işləməs, qazandıqları nəinki özünə, nəvə-nəticəsinə də bəs edər.

Dövlətimiz bütün sahələrə olduğu kimi, idmana/futbola da həmişə xüsusi diqqət və qayğı ilə yanaşıb və bu, indinin özündə də davam etməkdədir.
SOCAR birbaşa dövlətə bağlı neft şirkətidir və bu gün Azərbaycanda futbol adına nə mövcuddursa, bunun üçün sərf olunan maliyyə vəsaitinin çox hissəsi oradan gəlir.

Çoxmilyonluq pul kütləsinin düzgün xərclənməsi başqa məsələdir və inanırıq ki, gün gələcək, bunlar da araşdırılacaq. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında korrupsiyaya qarşı çox sərt mübarizə aparılır və Sportinfo.az-ın kollektivi olaraq, biz də onun apardığı siyasəti dəstəkləyir və təqdir edirik.

Bəli, bu, çox həssas və vacib məsələdir. Ölkəmizin rəhbəri mətbuatı özünün dostu adlandırır və dəfələrlə bildirib ki, o, bir çox hallarda məlumatı KİV-dən alır. Təbii, cənab prezidentin fikirləri bizi bir qədər də ruhlandırır və düşünürük ki, futbol sahəsində şəffaflığın təmin olunmasına öz tövhəmizi verə bilərik. Buna qədər əlimizdən gələni etmişik və bundan sonra da edəcəyik… (sportinfo)

Həmin kateqoriyadan