AFFA Məşqçilər Komitəsinin Əsasnaməsi

AFFA Məşqçilər Komitəsinin Əsasnaməsini açıqlayıb. Allsport.az sizi həmin Əsasnamə ilə tanış edir:

AFFA Məşqçilər Komitəsi haqqında Əsasnamə

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə AFFA Məşqçilər Komitəsinin fəaliyyətini tənzimləyir.

1.2. Məşqçilər Komitəsi öz fəaliyyətini AFFA Prezidenti tərəfindən təsdiqlənmiş Əsasnamə əsasında həyata keçirir.

1.3. Şura öz işində bu Əsasnaməni, FİFA, UEFA və AFFA-nın normativ sənədlərini və Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutur.

1.4. Katibliyin səlahiyyətində olan məsələlər üzrə Məşqçilər Komitəsinin qərarları Baş katibin əmri ilə təsdiqlənir.

1.5. Əsasnamənin etibarlılıq müddəti məhdudiyyətsizdir. Dəyişikliklər və əlavələr AFFA İcraiyyə Komitəsi tərəfindən təsdiq olunur.

2. Əsas vəzifələr

Məşqçilər Komitəsinin əsas vəzifələri aşağıdakılardır:

2.1. Milli Komanda məşqçilərinin işinin koordinasiyası, məşqçilərin vəzifələrini yerinə yetirməsinə nəzarət edilməsi.

2.2. Milli Komanda üzvlərinin yüksək idman nəticələri əldə etməsinə həvəsləndirilməsi.

2.3. Milli Komanda üzvlərinin hüquqlarına riayət edilməsi.

2.4. A-Milli Komanda üzvlərinin karyeralarını bitirdikdən sonra məşqçi peşəsini seçməyə istiqamətləndirilməsi.

2.5. Milli Komanda üzvləri və məşqçiləri tərəfindən futbol və intizam qaydalarına riayət olunması.

2.6. Məşq prosesinin keyfiyyətinin və effektivliyinin artırılması üzrə təkliflər hazırlanması.

2.7. Hər bir məşqçinin işinin təhlilinin aparılması, yığma komandaların çıxışlarının nəticələrinin təhlil edilməsi.

2.8. Müxtəlif yaş qruplarında və kateqoriyalarında olan komandaların oyunlarının və toplanışlarının analizinin aparılması və bu barədə Texniki Direktor və Baş katibə hesabat təqdim edilməsi.

2.9. AFFA-da məşqçilər üçün keçirilən kurslarda iştirak edilməsi

2.10. Təbliğat və təşviqat üzrə işlərdə iştirak etmək, mətbuatla əlaqələri AFFA vasitəsilə həyata keçirmək.

3. Məşqçilər Komitəsinin strukturu

3.1. Məşqçilər Komitəsinin fəaliyyətinə rəhbərliyi Sədr həyata keçirir. Sədr mövcud üzvlərin sırasından seçilir.

3.2. Məşqçilər Komitəsi 5 üzvdən ibarət olaraq 1 il müddətinə seçilir.

3.3. Məşqçilər Komitəsinin üzvləri yüksək kateqoriyada ən azı 10 illik iş təcrübəsinə və A kateqoriyalı lisenziyaya malik olmalıdır.

3.4. Məşqçilər Komitəsinin iclası ən azı ayda 1 dəfə keçirilir və hər bir iclas komitənin katibi tərəfindən protokollaşdırılır.

4. Məşqçilər Komitəsinin hüquq və məsuliyyəti

4.1. Məşqçilər Komitəsinin bütün qərarları tövsiyə xarakterlidir.

4.2. Məşqçilər Komitəsi aşağıdakı hüquqlara malikdir:

– hər bir komitə üzvü Milli komandaların fəaliyyətinə dair istənilən məsələnin müzakirəsini tələb etmək hüququ var;

– İcraiyyə Komitəsinin müzakirəsinə Milli komandalarla bağlı əhəmiyyətli məsələləri çıxarmaq və onları müzakirə etmək;

– Komandaların fəaliyyətinə nəzarətə yekun vurmaq və onları təhlil etmək, nəticələr çıxarmaq və qərarlar qəbul etmək;

Məşqçilər Komitəsi aşağıdakılara görə məsuliyyət daşıyır:

– qəbul olunan qərarlarda bu Əsasnamənin, FİFA, UEFA və AFFA-nın normativ sənədlərinin tələblərinə riayət olunmasına görə;

– alınmış nəticələrin vaxtında təhlilinin aparılması və müvafiq yazılı hesabatın təqdim olunmasına görə;

– Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mövqeyinin müdafiə olunması və onun nüfuzuna xələl gətirilməməsinə görə;

– milli komandaların nüfuzunun möhkəmləndirilməsinə görə.

Həmin kateqoriyadan