AFFA-nın əməkdaşı daha 2 ay ev dustağı olacaq

Bu gün Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Allsport.az saytı xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində seçilmiş ev dustaqlığının müddəti iki ay artırılıb.

O, 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi. Bir müddətdən sonra barəsindəki həbs qərarı ev dustaqlığı ilə əvəz edildi.

İttihama görə, Maşallah Əhmədov Bakıda bir neçə nəfərdən 150 min manat alaraq qaytarmayıb. Tanınmış futbolçu 1977-ci ildən “Neftçi” klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Həmin kateqoriyadan