AFFA pul paylayır. Ancaq özünə yaxın mirzələrə?

Azərbaycan futbol federasiyaları assosiasiyası idman mətbuatı ilə əməkdaşlığa başlayıb. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Maraqlıdır ki, işə yaramazlar AFFA prezidenti Rövşən Nəcəfin siyasətinə zidd gedərək, yalnız özlərinə yaxın KİV-lə sövdələşiblər. Üstəlik, öz bacarıqsızlıqlarını ört-basdır etmək üçün bəzi tənqidçilərdən uzaq durmağa qərara gəliblər. Halbuki ötən ilin mayın 20-də ARDNŞ-nin binasında geniş tərkibli qeyri-rəsmi görüşdə ölkə futbolunun yeni rəhbəri bütün media orqanları ilə çalışmaq istədiklərini, bu məsələdə onlara sərbəstlik veriləcəyini bildirmiş və bunu bunu bir neçə dəfə təkrarlamışdı. Yəni, AFFA haqlı tənqidə açıq olacaq, buna cavab olaraq qərəz və ayrı-seçkilik nümayiş etdirməyəcək.

O, idman mətbuatına əməkdaşlıq üçün yeni üsul göndərmələrini də demişdi. Rövşən Nəcəfin futbolda sağ əli – icraçı vitse-prezident Sərxan Hacıyev həmin zaman susmuşdu. Hərçənd, keçmiş baş katib Elxan Məmmədovun təşəbbüsü ilə demokratik, azad və şəffaf seçki nəticəsində 2016-cı ilin əvvəlində yaradılmış AFFA yanında media komitəsini xatırlatmalıydı. Onda Sərxan Hacıyev bu şəxsin müavini idi. Elxan Məmmədovdan yaxşı şeylər öyrənmək əvəzinə, o, köhnə dostlarla üzülüşməyi, dövrünün stajlı tənqidçiləri ilə işbirliyini seçdi. Onu ən çox narahat edən İlkin Xəlilovun sportinfo.az-da reportajları idi. Bu üzdən tanınmış teleaparıcıya AFFA-nın mətbuat xidməti vəzifəsini təklif etmişdi. Qarşı tərəf bundan imtina edərək, yaxın dostu və həmkarına bu posta namizəd görmüşdü. Sonrası məlumdur: “Vur de Azərbaycan”. Bu “təcrübə”dən PFL, bəzi futbol klubları və idman federasiyaları da istifadə edir(b). İşdən sonra axşamlar spirtli içki məclisləri təşkil edərək yaxın çevrə formalaşdırır, informasiya mübadiləsi edir və lazım gəldikdə onlardan müxtəlif məsələlərdə yararlanırlar.

Belə hallar hansı məqamda baş verir? Təcrübə göstərir ki, uğursuzluq olanda, yeyinti və pul silinməsi baş verdikdə, eləcə də digər ciddi nöqsanları gizlətmək üçün, nüfuzlu media qanadını müxtəlif yollarla öz tərəfinə çəkərək olanlara göz yumulması və ya səthi yanaşılması siyasəti yürüdülür. Bu azmış kimi, AFFA, “Misli”nin əlində “oyuncağa” çevrilib (Daha ətraflı “Avropada siyasi mühacirlərlə AFFA və PFL nə birləşdirir? Allsport.az-da aylar öncə yazılanlar öz təsdiqini tapdı” sərlövhəli yazıda – red). Artıq bir çox məsələdə adı çəkilən mərc şirkətinin sözü keçir. Əslində, “Boz ev”in 70 səhifəlik tərtib etdiyi “İnkişaf strategiya”sının gerçək üzü budur.

Futbola şahmat gözü ilə baxan Sərxan Hacıyev bilərəkdən hədəfi özünə yox, Rövşən Nəcəfə və Elxan Məmmədova tərəf yönəldir, onları çuqçvanq durumuna salmağı düşünür. Belədə, məsuliyyətdən də yayınmaq asandır. Necə ki əvvəl – debütdə bunu məharətlə bacarıb. Əslindəysə, Rövşən Nəcəfin əsas vəzifəsi sələfi Rövnəq Abdullayev kimi maliyyə ayırmaqdır. Futbolu bilməsə də olar. Düzdür, gənc məmur özünü bilən kimi göstərir. Amma anlamır ki, ətrafı “istedadlı dələduzlar”la doludur. Onu hər zaman düz yoldan çəkindirəcəklər. Elxan Məmmədov 2022-ci ilin aprelindən FİFA Avropa milli assosiasiyaları departamentinin direktorudur, uğurlu fəaliyyətinə görə ötən ilin noyabrından ali beynəlxalq qurumda üzv assosiasiyalara da rəhbərlik edir.

Sərxan Hacıyevə gəlincə, o, mittelşpildən də karlı çıxmaq istəyir. Bu səbəbdən, hazırda mətbuatı parçalamaq və ara vurmaqla məşğuldur. Guya bilmir ki, 12 KİV ilə gizli əməkdaşlıq edib digərlərinə arxa çevirəndə, həmin futbol saytları “Boz evi” topa tutacaqlar (elə media orqanı olub yüksək qiymətə reklam əməkdaşlığı təklifinə “yox” deyən klubları, onun məşqçilərini gündüz-gecə sosial şəbəkələrdə müxtəlif yerli-yersiz arqumentlərlə bezdirib). Demək, gərginlik məqsədli şəkildədir. Halbuki ortada “Qarabağ”la gənclər və idman nazirliyi nümunəsi var. Ağdam klubu yardım layihəsi çərçivəsində böyük kütlə ilə əməkdaşlıq edir. Rəhbərlik tənqidə də açıqdır. Nazir Fərid Qayıbov alicənab, mətbuatla yaxın insandır. GİN son dönəmdə tənqidə də liberaldır. Tədbirlərə və ziyafətlərə bütün media qurumlarını dəvət edir.

Y.S. Endşpil? Qazanan Sərxan Hacıyev, onun yaxın ətrafı və “Misli”, itirən yenə futbolumuz olacaq.

Həmin kateqoriyadan