AFFA qərarını dəyişmədi: “Qəbələ”nin rəsmi şəxslərinə çıxarılan cəzalar qüvvədə qaldı

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

1. AFFA-nın intizam komitəsinin “Qəbələ”nin rəsmi şəxsləri Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov və Səbuhi Qarayev barəsində çıxardığı 29 saylı, 2 mart 2017-ci il tarixli qərar qüvvədə saxlanılsın.

2. 2016/2017 futbol mövsümündə 25-ci premyer liqanın 20-ci turunun 28 fevralda keçirilən “Kəpəz” – “Qəbələ” oyunu zamanı qeydə alınan qayda pozuntusuna dair “Qəbələ”nin futbolçusu Nika Kvekveskiri barədə AFFA-nın intizam komitəsinin qəbul etdiyi 2 mart tarixli qərar qismən dəyişdirilsin. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, futbolçu verilmiş 3 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Nika Kvekveskiri eyni hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

3. 2016/2017 futbol mövsümü çərçivəsində 25-ci premyer liqanın 20-ci turunun 28 fevralda keçirilən “Kəpəz” – “Qəbələ” oyununun birinci hissəsindən sonra qeydə alınan qayda pozuntusuna dair “Qəbələ”nin həkimi Namiq Hüseynov barədə AFFA-nın intizam komitəsinin qəbul etdiyi 02 mart 2017-ci il tarixli qərar qismən dəyişdirilsin. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, həkim verilmiş 5 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunsun. 6 aylıq sınaq müddəti ərzində həkim Namiq Hüseynov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

4. AFFA-nın hakim-inspektorlar komitəsinə bu oyunun təşkili zamanı baş vermiş pozuntu hallarının araşdırılması barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına dərhal məlumat verməsi tapşırılsın və gələcəkdə bu cür halların baş verməməsi təmin edilsin.

Həmin kateqoriyadan