AFFA rəsmisi: “Çətin ki, danışılmış oyunların təşəbbüskarı futbolçular özləri olsun”

Məlum olduğu kimi, UEFA və digər mənbələrdən daxil olan məlumatlara əsasən, AFFA və PFL Azərbaycan 1-ci divizionunda danışılmış oyunlarla bağlı araşdırma aparır. Allsport.az saytı xəbər verir ki, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov azerisport.az saytına açıqlamasında məlum hadisələrlə bağlı fikrini bölüşüb: “Mən də bu məsələnin araşdırılması ilə bağlı yaradılan komissiyaya daxiləmmi? Bu, gizli saxlanılır. Komissiya barədə sizə dəqiq heç nə deyə bilmərəm”.

Amma millimizin sabiq məşqçisi bildirib ki, komissiya üzvləri xeyli oyuna baxıb: “UEFA-dan göndərilən şübhəli oyunların müxtəlif epizodlarına baxmışıq. UEFA-nın bəzi oyunlarla bağlı şübhələri ilə razılaşa bilmərik. Buna görə də şübhəlilərin bəzisinin adını həmin siyahıdan çıxardıq”. Qeyd edək ki, 6 gün öncə sözügedən komissiya 12 futbolçuya bəraət hüququ qazandıraraq, onların yenidən futbol oynamasına razılıq verib.

O hesab edir ki, bu araşdırmanın sadəcə, ilk mərhələsidir: “Araşdırma davam edir. Bu, hələ ilk mərhələdir. Hazırda yalnız futbolçularla məşğuluq. Sonra sifarişçiləri qəbul edəcəyik. Çətin ki, danışılmış oyunların təşəbbüskarı futbolçular özləri olsun. Bu, mərhələli işdir. Amma öncə UEFA-nın şübhəli bildiyi bütün oyunlara baxmaq lazımdır. Daha sonra klub rəhbərlərinin, məşqçilərin fikirlərini öyrənəcəyik. Ola bilsin ki, AFFA İcraiyyə Komitəsinin növbəti iclasına kimi araşdırma yekunlaşsın. Çünki bu məsələ ilə bağlı yekun qərarı məhz İK qəbul edəcək. Amma görüləsi iş çoxdur”.

Millimizin sabiq çalışdırıcısı sonda bu olaylara görə qəbul olunacaq mümkün cəzalardan da danışıb: “Araşdırma sonadək aparılmasa, Azərbaycan futboluna sanksiya tətbiq oluna bilərmi? Bunu bilmirəm. Bircə onu bilirəm ki, UEFA bu məsələdə maraqlıdır. Sanksiya barədə isə heç nə bilmirəm. Bizə sadəcə, onu xəbərdarlıq ediblər ki, Azərbaycan futbolunda belə hallar baş verir”.

Həmin kateqoriyadan