AFFA “Sabah”ın baş məşqçisini neçə oyun cəzalandırdı?

AFFA intizam komitəsi növbəti iclasını keçirib. Allsport.az saytı xəbər verir ki, Misli premyer liqasının 3-cü turunda qeydə alınan qayda pozuntuları barədə qərarlar qəbul olunub.

“Kəpəz” – “Turan Tovuz” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə meydan sahibinə xəbərdarlıq edilib.

Oyununda “Mix” zona təşkil edilmədiyinə və zonaların tələblərinə riayət edilmədiyinə görə Gəncə klubu 1000 manat cərimə edilib. Matçda qonaq azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1500 manat cərimələnib.

“Qarabağ” – “Araz-Naxçıvan” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimə edilib.

“Sabah” – “Neftçi” görüşündə meydan sahiblərinin 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 700 manat ziyana düşüb. Qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimələnib.

“Sabah” – “Neftçi” oyununda “bayquşlar”ın baş məşqçisi Murad Musayev oyunun bərpasını ləngitdiyinə və birbaşa qırmızı vərəqə aldığı üçün, 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Sabah” klubu 1000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Meydan sahiblərinin azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sabah” klubuna xəbərdarlıq edilib.

Qonaq komandanın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi” klubuna xəbərdarlıq edilib.

Həmin kateqoriyadan