Afrika çempionlar liqasının ilk qalibinin maraqlı tarixçəsi

CAF çempionlar liqasında ən çox zəfər yaşayan 3 komandadan biri Demokratik Konqo Respublikasının “TP Mazembe” klubudur. Allsport.az saytı xəbər verir ki, bu yarışda 5 dəfə titula yiyələnən “qarğalar”ın ilk uğuru isə bir qədər qəribə alınıb.

1967-ci ildə Afrikanın ən güclü klubunu müəyyən etmək üçün “TP Mazembe” ilə Qana təmsilçisi “Asante Kotoko” qarşılaşıb. O zaman “TP Englebert” adlanan kollektiv ilk matçını səfərdə keçirib. Kumasidə baş tutan oyun heç-heçə başa çatıb – 1:1. Finalın Kinşasada reallaşan cavab qarşılaşmasının əsas və əlavə vaxtında da tarazlıq pozulmayıb – 2:2.

Belə olan halda, görüşün baş hakimi çempionu müəyyənləşdirmək üçün püşk atılmasını istəyib. Məsələyə qarışan CAF rəsmiləri buna icazə verməyib. Qaydalara uyğun olaraq, 3-cü matçın oynanılmasının vacib olduğu qeyd olunub. Ertəsi gün qərara alınıb ki, oyun Kamerunun Duala şəhərində keçirilsin.

İddialara görə, Qana futbol federasiyası tərəfindən bu məlumat “Asante Kotoko” klubuna ötürülməyib və onlar 3-cü finala gəlmədiyi üçün. “TP Mazembe” tarixində ilk dəfə Afrika çempionu olub.

“Asante Kotoko” bu “məğlubiyyət”in heyfini 3 il sonra çıxa bilib. Özü də 2 matçın nəticəsinə görə məhz “TP Mazembe”ni üstələyərək, CAF ÇL-ni başı üzərinə qaldırıb.

Həmin kateqoriyadan