AGF-də maliyyə sıxıntısı? Ölkə çempionatlarında xərclər azaldıldı

Azərbaycan böyük güləş ölkələri sırasında yerini çoxdan təsdiqləyib. Hər dəfə uğurdan söz düşəndə, ilk növbədə, bahadırlarımızın adları çəkilir. Milli komandalarımız beynəlxalq mötəbər yarışlarda ilbəil bu qələbələrin təsadüf olmadığını sübut edirlər. Amma zirvəni fəth etmək nə qədər asandırsa, onu qoruyub saxlamaq bir o qədər çətindir. Çün­ki hər bir mü­vəf­fə­qiy­yət özün­də uğursuz­luq to­xu­mu giz­lə­dir. Güləşçilərimizin uğurları, tək tarixdə yeni səhifələr açılması baxımından əhəmiyyətli hadisə deyil. Bütün idman növlərində olduğu kimi, böyük nailiyyətlərin özünün də hər 4 ildən bir böyük sınaq meydanı var. Təbii ki, bu da olimpiya oyunlarıdır. Paris-2024-də güləşçilərimiz Atlanta-1996-dan bəri ilk dəfə final həyacanı yaşamadılar və rəqabətdə nəinki 2 qızıl medala yiyələnən cüdoçulara, boks və taekvondo növlərinə də uduzdular.

Saypulla Absəidovun 3 dönüşü, “klassiklər” yenidən iranlılara tapşırılır?

Sözsüz ki, bundan sonra gözlər güləş federasiyasının rəhbərliyinə dikilmişdi. Atılacaq köklü addımlar ümumi mənzərəni yenidən canlandırmalı, müqayisəli təhlil dövrə qiymət verməli, səhvlərdən dərs çıxarılmalı, sağlam rəqabəti bərpa etməli, ağır yükü təzədən yerdən götürməli və nəticələrin imtahan məqamı qarşıdakı 4 ildə də qorunacaq səviyyə ilə ölçülməlidir. Hələlik nə baş verir? Ümidverici məqam – yenidən paytaxtda və bölgələrdə güləş üzrə internat məktəblərin açılması (Xankəndidə böyük baza qurulur), yeni məşq binalarının tikilməsi və köhnələrin təmir olunmasıdır. Amma həssas çalar və mənfi ənənə var. Bu, milli tağımlarda məşqçilərin sonradan şəxsi tələbələrə yiyələnməsidir. Belə olan halda, öz “tələbələri”ni önə çəkirlər, daha çox beynəlxalq yarışlara yollanmasına şərait yaradırlar, onlara daha çox diqqət və zaman ayırırlar. Çünki həmin pəhləvanların böyük uğurlarından irəli gələn mükafatlar sırf onların ciblərinə yönəlir. Ayrı-seçkilik səbəbindən yığmada narazılıq və inciklik yaranır, ümumi ovqat korlanır. Bu isə, sonda nəticələrin miqyasını azaldır.

Üstəlik, hazırda əsas yığmalarda bəzi yaşlı idmançılar və legionçular karyeralarını bitirərək gənclərə yol açmaq istəmirlər. Ona görə ki, qarşıda İslam oyunları kimi bol mükafatı olan zəif rəqabətli yarış gəlir. Bu məsələdə milli komandaların məşqçiləri də onların qarşısında acizdirlər. Kimisi maddi marağı güdür, kimisi yaxın münasibəti nəzərə alır, kimisi də onun nüfuzundan çəkinir. Bu azmış kimi, milli komandalarda məşqçi dəyişiklikləri gözlənilir. Böyük ehtimalla, sərbəst güləşdə tərkili (Dağıstan) olimpiya çempionu Saypulla Absəidov yenidən Odlar yurdunda çalışsın. Yunan-Roma güləş yığması isə iranlı məşqçilərə həvalə oluna bilər. Onlardan biri güney azərbaycanlısıdır. Mütəxəssislər ötən ilin 24-28 dekabrında Bakı idman sarayında keçirilmiş ölkə çempionatını tribunadan izləyiblər. Qadın seçməsində durum özü kimi qarışıqdır.

Büdcə azaldıldı

AGF – ötən olimpiya mərhələsində böyük maliyyə xərclədi. Bunun qarşılığında cəmi 3 bürünc medal qazandı. İdmansevərlərimiz hər zaman güləşçilərimizə güvənib, amma həm də onlara qarşı daha tələbkar olub. Bax, elə buna görə, uğurların ardı gəlməlidir. Mümkün qədər, hətta bir qədər də irəli getməliyik. Bunun üçün əldə olunanlarla kifayətlənməməli və səylə çalışmalı, yeni uğurlara, daha böyük məqsədlərə can atmalıyıq. Alınacaqmı? Hələ ki sual açıq qalır. Rəhbərlik aşağı yaş qrupu üzrə ölkə birinciliklərini bölgələrdə təşkil etdiyindən (deyilir maliyyə çox çıxır) xidməti xərcləri azaltmaq qərarına gəlib. Ola bilsin, cari mövsümdə federasiyanın himayədarı olan vergilər nazirliyi büdcəni azaldıb. Belədə, icraçılar birinci olaraq diktorun qonararından kəsmək qərarına gəliblər. O diktor ki, federasiyada cəmi 1 nəfərdir və adı çəkilən peşənin AGF-də ilk sahibidir.

Bu lap “Mozalan” satirik kinojurnalının 2-ci buraxılışında “Müşavirə”yə (1971) bənzədi. Paytaxtın 18 saylı orta məktəbində lentə alınmış kadrda idarə əməkdaşları xadiməyə müxtəlif tapşırıqlar verir. Müşavirədə rəis işdə artıq adamların olduğu, havayı maaş aldıqları və buna son qoymalı olduqlarını deyir. Siyahını nəzərdən keçirdikdə, hərəsinin bir vəzifəli şəxsin tapşırdığı ortaya çıxır. Bu zaman içəri xadimə daxil olur və işini görməyə başlayır. Yekinda onu artıq adam kimi qeydə alaraq ixtisara salırlar.
Yaxşı olardı ki, federasiyadakılar diktordan “səhv” axtarmaqdansa, Paris-2024-də buraxılan səhvləri müzakirə edib nəticə çıxarsınlar. AFG, bu və bəzi digər maliyyə məsələsində keçmiş ödənişə qayıdır. Halbuki 2009-2010-cu ildə əvvəlki federasiya prezidenti mərhum Fazil Məmmədovun dönəmində tərtib olunan yüksək ödəniş-mükafat-məvacib sistemindən sonra 2 dəfə devalvasiya olub, dəfələrlə müxtəlif sahələrdə kəskin qiymət artımları müşahidə edilib. Vay ölkə idmanının halına ki, AGF nəticə baxımından da Paris-2024-ə qayıda. Onda yenə finala həsrət qalacağıq. Final – finala qalsın, belə görünür, islahatçılar quldarlıq quruluşu yaratmaq niyyətindədir. Demək, millinin məşqçilərinin, əsasən aşağı yaş qrupları üzrə, maaşların artırılması ümidləri xəyal olaraq qalacaq.

Hakimlər kollegiyası yaxşı işləmir

Ən vacibi, titulundan asılı olmayaraq, güləşçilər artıq Azərbaycan çempionatlarında çıxış etməyə məhkumdurlar. Çünki böyük yarışlara yol yalnız ölkə daxilindəki mübarizədən keçir. Belədə, bahadırların ilboyu çalışacağına və səhlənkarlığa, rəqabətsizlikdən irəli gələn məsuliyyətsizliyə yol verməsi istisnaya çevrilir. Bəli, böyük uğur yeni yanaşma tələb edir. Amma nəzərə alaq ki, idmançıları hazırlayan məşqçilərdir. Paytaxtda bu sahədə səviyyə yüksəkdirsə, bölgələrdə heç də hər kəsə bunu söyləmək olmaz. Hakimlər kollegiyası ötən il ümumrespublika seminarı keçirdi. Buna xeyli vəsait xərcləndi. Rayon məşqçilərinə yeni qaydalarla bağlı məlumat verildi. Amma ölkə birinciliklərində görürük ki, onlara bu, yaxşı mənimsədilməyib. Yenə də yerli-yersiz video-təkrara müraciət edilir. Bir güllə bahar olmadığı kimi, bir seminarla da yenilik və dəyişiklikləri aşılamaq mümkün deyil. Bunun üçün, Fazil Məmmədovun dönəmində mövcud olan 8 region idarəçiliyini bərpa etmək lazımdır. Təbii ki, indi bura Qarabağ da daxil ediləcək. Bölgələr üzrə baş məşqçilər müntəzəm təlim-məşq toplanışı və seminar keçib yenilikləri əyani göstərməlidilər. Yerlərdə olan hakimlər də bu işə cəlb olunmalı, onlara daxili bazar qiymətlərinə uyğun qonararlar yazılmalıdır.

İndi mənzərə necədir? Əksər məşqçilər öz idmançılarını vaxtında döşəyə çıxarmır, xalçanın 2 tərəfində qoyulan elektron lövhəyə diqqət etmir. Bu, ən ibtidai qaydadır. Güləşçilər mükafatlandırmaya da zamanında gəlmirlər. Halbuki diktor onları dəfələrlə xəbərdar edir. Üstəlik, hər yarışdan qabaq hakimlər kollegiyası məşqçilərə seminar keçir, onlara yeniliklərlə bağlı bilgi verir. Nəticə yoxdursa və bu nöqsan yalnız güləş idmanında nəzərə çarpırsa, demək, iş yaxşı getmir; ayrılan vəsaitlər və məvaciblər havaya sovrulur.
Azərbaycanda güləş hakimliyi hələ sovet dönəmində seçilib. Kifayət qədər olimpiya oyunlarını idarə edənlərimiz olub. Referilər ilbəil dərəcələrini artırmaq üçün imtahan verirlər. Ölkə çempionatlarında səviyyəni qaldırmaq üçün, onların əksəriyyətinin üzərində çalışmaq lazımdır. Buna etmək istəyənə isə şərait yaratmırlar. Güləş ictimaiyyətində bu sahənin “Sumqayıt mafiyası”nın nəzarətində olduğu deyilir. Məşqçi-hakimlik hər dairədə təqdir olunmur. Referilərin də qonararı yüksək deyil. Onlar bu barədə hakimlər kollegiyasının sədrinə bildirsələr də, durum dəyişmir.

Y.S. Ümid edirik ki, güləş, minilliklər boyunca xidmət göstərdiyi ən ümdə vəzifələrini bərpa edərək, ümumən ölkə idmanının təşkilatçılıq sahəsində də həqiqi öncülü, habelə milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri kimi cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi olacaq.

Həmin kateqoriyadan