- Baxış sayı: 28
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 102
- Dekabr 05, 2025
- 0

Hər bir millətin sağlam gələcəyi baxımından idman çox vacibdir. Gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması, ilk növbədə, onları arzuolunmaz yollardan çəkindirmək üçün ən gözəl vasitədir. Azərbaycanda əhalinin kütləvi bədən tərbiyəsi ilə məşğulluğu ciddi diqqət mərkəzindədir. Gənclər və idman nazirliyi öz növbəsində, fəaliyyətini hərtərəfli qurub. Onun inkişaf etdirdiyi idman növlərindən biri futboldur ki, bu sahə ən ağrılı yerimiz – baş bəlamızdır. Amma futbolla sırf məşğul olan qurum var: AFFA! Onun yarıtmaz siyasəti barədə bir qədər sonra. Hələlik, nazirliyin bu idman növünün ölməsinə imkan verməyən, onu daim yaşatmaq istiqamətində atdığı addımları xatırlatmaq istəyirəm.
“Boz ev” futbol qurğusu sarıdan həmişə çətinlik çəkib. Böyük maliyyə imkanına rəğmən, tikdiyi tək “Dalğa arena” olub; “8-ci km” və “Bayıl arena” əsaslı təmir olunub. Sonradan “Şəfa”sını da itirib, bununla da futbola şəfa verən də tapılmayıb. Ta o günə ki, rəhmətlik Azad Rəhimovun timsalında dövlət özü bu işə qolunu çırmaladı. Halbuki assosiasiya ayrılan vəsait də elə dövlətinki idi. Bakı-2015 ilk Avropa oyunları ilə əlaqədar Tofiq Bəhramov adına respublika stadionu sıfırdan quruldu, Böyük şor gölü civarında nəhəng Bakı olimpiya stadionu tikildi. Sonradan iş elə gətirdi ki, “Qarabağ” avrokubokda ev oyunlarını mərkəzi arenada keçirməli oldu və bu stadionun dəyəri və əhəmiyyəti birə-beş artdı. BOS isə millinin və nüfuzlu futbol yarışlarının ixtiyarına verildi.
Sələfinin uğurlu idman siyasətini davam etdirən Fərid Qayıbov bu amili də gözdən qaçırmır. Yeniyetmələrin 3-cü MDB oyunları çərçivəsində Gəncə stadionu yenidən qurulur. Yaxın gələcəkdə Mingəçevirdə eyni prosesə başlanılacaq. Yəni, böyük tədbirlər çərçivəsində tikilən və bərpa olunan qurğulara stadionlar da daxil edilir, irs kimi məkan futbol təsərrüfatına keçir. Bundan başqa, uşaq futbolunun inkişafı üçün addımlar atılır, Şüvəlanda və keçmiş “Neftçibaza”da “Ulduz” məktəbinin fəaliyyəti qənaətbəxş sayılır. Beynəlxalq oyun təcrübəsinin artırılması üçün ötən il Qubada yüksək səviyyədə yarış da keçirildi.
AFFA ekosistemə keçəndən uşaq futbolu da yavaş-yavaş məhv edilməyə başlayıb. Vəziyyət o həddə çatıb ki, ölkədə yeganə dünya miqyasında şəraiti olan “Qəbələ” idman klubu maliyyə çatışmamazlığı üzündən yeni mövsümdən akademiyanın fəaliyyətini dayandır. Əslində, böhran, bu klubun 1-ci dəstəyə yuvarlanmasından sonra başlayıb – premyer liqada bütün futbol meyarlarına cavab verən peşəkar komandanın qalmamasından sonra. Belə görünür, bir azdan bəzi idman növlərində olduğu kimi yeniyetmə, hətta uşaq futbolunda da legionçular gətiriləcək. Necə ki, zamanında “Bakı” və “Xəzər-Lənkəran”ın qədrini bilmədilər.
Keçmiş baş katib Elxan Məmmədovun dönəmində heç olmasa məhəllələrdə futbol meydançaları qurulurdu. İndi o da gözə dəymir. İstedadlı uşaq isə küçə futbolundan çıxır. Buna bir daha yaxın günlərdə şahidi oldum. Yeni Yasamalda 77 saylı avtobusun son dayanacağına yaxın 9-mərtəbəli panel binanın həyətində 6-7 yaşında bir uşaq, özündən 2-3 yaş yuxarı olanı hər təkbətəkdə aldadırdı. Onun texnikalılığından, futbola getdiyi dərhal sezilirdi. Tələsirdim deyə, geri dönüb adını, harada məşğul olduğunu soruşmadım. Hərçənd kiçik yaşlı birisinin məharəti məni heyran etmişdi. Bir tərəfdən peşmançılığım tez keçib getdi: özlüyümdə dedim ki, nə fayda, çox güman, o da digər istedadlar kimi batıb gedəcək. Çünki uşaq futboluna lazımınca diqqət göstərilmir. Əslində isə, işə bundan başlamalıyıq. AFFA-nın yeni baş katibi Cahangir Fərəcullayev martda son hesabat-seçki konfransında “hər şeyi sıfırdan başlamalıyıq” ifadəsini doğrudan işlədirdisə…
Amma görürük ki, yenilər köhnələrdən daha betər siyasət yürüdürlər. Güclülər dəstəsində klub sayı artsa da, bu bölgələri gerçəkdən əhatə etmir, geriyə, “Bakı çempionatı”na qayıdırıq. Vəziyyət o həddə çatıb ki, “Turan Tovuz” paytaxtda məşq etmək üçün himəyadarı “Hünər” qrup Kürdəxanıda baza tikib. Premyer və 1-2-ci liqalarda təşkilatçılığa məsul PFL-in fəaliyyəti ancaq görüntüyə xidmət edir. “Misli”də (“Azərlotereya”) mətbuata məsul şəxslə əlbir olub dövlətyönlü KİV-ə qarşı mübarizə aparan bir qrup keçmiş jurnalist, belə görünür, beynəlxalq tədbirlərdə ölkənin nüfuzunun xələl gəlməsi, Azərbaycanın siyasi-hərbi müttəfiqlərinin təhqir olunması istiqamətində dəstə saxlayır və həmin şəxsləri maliyyələşdirdiyi saytlarla qidalandırır. Öz bacarıqsızlığını ört-basdır etmək üçün bölgələrdə təbliğat adı altında maliyyə ayıraraq, medianı susdurur. Stadionlarda mətbuat guşəsində dedi-qodu toplamaq üçün əlavə xəbərçilərinə pul ayırdığı barədə bilgilər də dolaşır.
“Boz evə” gəlincə, maliyyə ayırdığı bəzi mirzələr vasitəsi ilə sudan quru çıxmaq istəyir. Guya onluq bir şey yoxdur – klub maliyyə sıxıntısı üzündən futbol məktəbini saxlaya bilmirsə, AFFA-nın ona kömək etməyə borcu yoxdur. Bəs dövlət pulu niyə ayırır? Kütləvilik adı altında yersiz layihələrə, yoxsa 1 milyon müqabilində 70 yaşlı Santuşun futbolumuza tuş tutmasına? O vaxt sosialyönlü işlərə başlarlar ki, akademiyalarda iş rəvan getsin. İndi milliyə babat oyunçu tapılmır, səviyyə göz önündədir; nəticədən isə söz açmağa belə dəyməz – qələbəyə həsrət. İcraiyyə komitəsinin nə düşündüyünü bilmirəm, amma futbola məsuliyyət birbaşa bu qurumun üzərindədir!
Kamran HACI