AİJA-nın təşkilatçılığı ilə “Neftçi”nin keçmiş prezidenti Aqil Paşayevin xatirəsinə yoldaşlıq oyunu

“Neftçi” klubunun keçmiş prezidenti Aqil Paşayevin anadan olmasının 75 illiyinə yoldaşlıq oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda “ağ-qaralar”ın veteranları ilə idman jurnalistləri qarşılaşıblar. Azərbaycan idman jurnalistləri assosiasiyasının təşkilatçılığı keçirilən oyunda idman ictimaiyyətinin nümayəndələri, premyer liqada çıxış edən klubların əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

AİJA-nın prezidenti Eldar İsmayılov “Neftçi”nin ölkə futbolunda mühüm rolundan danışaraq bildirib ki, Aqil Paşayevin rəhbərliyi ilə uğur qazanıb. Onun kluba rəhbərlik etdiyi 4 il ərzində “Neftçi” Azərbaycan kubokunun qalibi olub: “Bu gün Aqil Paşayevin 75 illiyini qeyd etmək üçün bir araya toplaşmışıq. Yoldaşlıq görüşü maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. “Neftçi”nin veteranları yoldaşlıq oyununa onun kluba rəhbərlik etdiyi dövrdə geyindiyi formada çıxıblar. Həmin 4 il ərzində “Neftçi” bütün ev oyunlarını respublika stadionunda keçirib və yoldaşlıq oyununun da burada təşkil olunması rəmzi xarakter daşıyır”.

Aqil Paşayevin xatirəsinə yoldaşlıq görüşündə iştirak etməklə bağlı təklifi böyük məmnuniyyətlə qəbul etdiyini bildirən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bunu deyib: “Neftçi”də çıxış etdiyim dövrdə Aqil Paşayevlə çox gözəl münasibətimiz var idi. Onun xatirəsinin yad olunması mənim üçün çox xoşdur. Aqil müəllim kimi insanların xatirəsi həmişə onları sevənlərin yaddaşında silinməz izlər qoyacaq. Rusiyada legionçu həyata yaşamağımda Aqil Paşayevin rolu çox böyük olub”.

Matç “Neftçi”nin veteranlarının 3:2 qələbəsi ilə yekunlaşıb. Yubilyar 1997-2001-ci illərdə “Neftçi”nin prezidenti vəzifəsini icra edib. Komanda bu dövrdə Azərbaycan kubokunun qalibi (1999-cu il) olaraq ölkəmizi UEFA kubokunda təmsil etmək hüququ qazanıb.

Həmin kateqoriyadan