Almaniya qəzetləri formula1 Azərbaycan qran-prisini diqqət mərkəzində saxlayıb

Formula1 Azərbaycan qran-prisi Almaniya mətbuatının diqqət mərkəzindədır. Allsport.az saytı xəbər verir ki, həmkarlarımız Bakı yarışının gedişatını və bütün texniki detalları ətraflı şəkildə işıqlandırmaqda davam edir. “Handelsblatt” qəzetinin iyunun 25-də işıq üzü görən sayında f1-in gedişatı və texniki məsələlər müzakirə edilir: “Ekspertlər alman Sebastyan Fettelin idarə etdiyi avtomobilin mühərriklərinin yarışa çıxmış digər avtomobillərin mühərriklərindən zəif olduğunu bildirirlər, bu da onun işini xeyli çətinləşdirə bilər”.

“ARD” ictimai televiziyasının “Sportschau” (idman xəbərləri) proqramının aparıcısı isə alman pilot Sebastyan Fettelin haqsız cəzalandırıldığı qənaətindədir: “Lüis Həmilton yarış zamanı sürəti bir neçə dəfə kəskin aşağı salaraq, özündən sonra gələnləri, xüsusilə Vetteli qəza vəziyyəti ilə üz-üzə qoymuşdur. Buna reaksiya olaraq, o, Həmiltona eyni cür cavab verməli oldu. Əvəzində isə, Fettelə cəza xalları verildi, “Mersedes”in pilotu isə müəmmalı şəkildə bu cəzaya məruz qalmadı”.

“Süddeutsche Zeitung” nəşrinin 25 iyun buraxılışında “Ferrari”nin sürücüsünün gələcək oyunlarda daha ehtiyatlı davranması məsləhət görülür: “Fettel bir pilota veriləcək 12 cəza xalından 9-nu alıb. Gələcək oyunlarda kiçik səhv onu daha sərt cəzalarla qarşılaşdıra və oyunlarda iştirakdan məhrum edilməsinə səbəb ola bilər”.

“Bild” qəzeti pilotlar Sebastyan Fettel və Lüis Həmiltonun rəqib olmalarına baxmayaraq, əvvəllər bir-birilərinə qarşı hörmətlə davrandıqlarını, lakin Bakıdakı yarışdan sonra onların münasibətlərinin kəskin pisləşdiyini və bir-birilərinin ünvanlarına ən sərt ittihamlarla çıxış etdiklərini bildirir.

“Süddeutsche Zeitung” nəşrinin 26 iyun sayında yer almış digər bir məqalədə isə tamaşaçıların çox maraqlı və həyəcan dolu bir yarış izlədikləri və avstraliyalı qalib Daniel Rikkardoya istinadən bu yarışlarda qalib gəlmək üçün bütün şərtlərin ideal olduğu qeyd edilir.

AzərTAc-ın məlumatına görə, ümumiyyətlə, Almaniyanın federal və regional mətbuat orqanlarında formula1 Azərbaycan mükafat yarışı açılışı və gedişatı ərəfəsində çoxsaylı materiallar dərc edilib və televiziya kanalları ilə birbaşa yayımlanıb.

Həmin kateqoriyadan