Amerikanın “Foreign Policy News” portalı Bakıda keçirilmiş Formula-1 yarışına tərif yağdırıb

Amerikanın “Foreign Policy News” analitik portalı “Azərbaycan Avropa qran-prisi keçirdi” sərlövhəli məqalə dərc edib. Allsport.az saytının məlumatına görə, yazıda iyunun 17-dən 19-dək Bakıda keçirilmiş Formula-1 üzrə dünya çempionatının Avropa mərhələsinə həsr edilib. Bildirilir ki, yürüşün qalibi almaniyalı Niko Rosberq olub. Daha sonra “Bakı Şəhər Halqası” yürüş trası haqqında məlumat verilir. Müəllif yazır ki, tras təkcə Bakı bulvarı boyunca deyil, həm də UNESCO-nun Dünya İrsi Siyahısına salınmış İçərişəhərin qala divarlarının yanından keçib.

Son bir neçə ildə Bakı Qərb və Şərq dəyərlərinin qovuşduğu məkan imicini möhkəmlədib. Hökumət orqanları qədim binaların bərpası ilə yanaşı, şəhərin memarlığının müasirləşməsinə də sərmayə yatırır. Azərbaycan Xalça Muzeyi və Heydər Əliyev Mərkəzinin binaları, habelə “Alov qüllələri” kompleksi müasir memarlığın bənzərsiz nümunələrindəndir. Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin və ilk Avropa Oyunlarının keçirilməsi də məqalədə qeyd edilib.

Müəllif yazır ki, Formula-1 Avropa Qran-prisi Azərbaycana şöhrət gətirən növbəti tədbirdir. Təxminən 550 milyon tamaşaçı Bakıda yürüşü izləyib ki, bu da öz növbəsində şəhərə diqqəti, xüsusilə Avropanın coğrafi hüdudlarından kənarda səyahət üçün yeni marşrutlar axtaran turistləri cəlb edir. Məqalənin sonunda yazılıb: “Avropa Qran-prisi yürüşləri Avrasiya tarixinin, müasir memarlığın və təmtəraqlı idman yarışının bir araya gəlməsidir”.

Həmin kateqoriyadan