“Anderlext” – “Qarabağ” matçında təhlükəsizlik ən yüksək səviyyədə olacaq

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda keçiriləcək Belçika “Anderlext”i ilə “Qarabağ” arasındakı oyunda təhlükəsizlik gücləndirilmiş rejimdə qorunacaq. Allsport.az saytı xəbər verir ki, matçın baş tutacağı “Konstant Vandenstok” arenasına girişlə bağlı bir sıra yeniliklər edilib.

Belə ki, stadiona çanta və plastik paketlərin gətirilməsinə icazə verilməyəcək. Petarda və bu kimi digər maddələrin arenaya gətirilməsinə, eləcə də oyun zamanı onların partladılmasına da qadağa qoyulub. Bunun azarkeşlər arasında çaxnaşmaya və həyəcana səbəb olacağı ehtimalı nəzərə alınıb.

Buna görə də partlayıcı maddələrdən istifadə edən hər kəsi ciddi cəzaların gözlədiyi açıqlanıb. Hər kəs arenaya girərkən ciddi yoxlanılacağı üçün “Anderlext” rəhbərliyi azarkeşlərinə əvvəlki oyunlarla müqayisədə bu dəfə stadiona daha tez gəlməyi xahiş edib.

Qeyd edək ki, “Anderlext” – “Qarabağ” matçı dekabrın 10-dan 11-nə keçən gecə keçiriləcək və saat 00:05-də start götürəcək.

Həmin kateqoriyadan