Andrey Arşavin də paytaxta səfər edəcək

Martın 3-də saat 11:00-da paytaxtın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar finalı” adlı möhtəşəm qarşılaşma keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze, Nihad Qəhvəçi, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək.

Komandanın heyətinə bir nəfər region liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, Avropa liqası Final-2019-a həsr olunmuş “İntellektual kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov “böyük oyun”da media nümayəndələrini təmsil edəcək.
 
Bu arada paytaxta təşrif buyuracaq ulduzlar siyahısına daha bir futbolçu əlavə olunub. Söhbət Rusiya futbolunun əfsanələrindən olan Andrey Arşavindən gedir. Uzun müddət Rusiya millisinin kapitanlıq sarğısını daşımış təcrübəli yarımmüdafiəçi İngiltərədə “Arsenal” forması ilə göstərdiyi oyun və vurduğu qollarla azarkeşlərin ürəyini fəth edib. “Zenit”in yetirməsi olan Arşavin 2007-ci ildə doğma klubu ilə UEFA kubokunu da başı üzərinə qaldırıb, üstəlik, həmin finalın ən yaxşı oyunçusu seçilib.

Həmin kateqoriyadan