“Ararat”ın baş məşqçisi: “Azərbaycan Ermənistanın yaşayış məntəqələrinə atəş açmır”

“Əvvəllər iki ölkə arasında qarşıdurmalar olurdu. Ancaq indi müharibə şəraiti hökm sürür”. Allsport.az saytı xəbər verir ki, bunu “Ararat”ın ispaniyalı baş məşqçisi David Kampanya öz ölkə mətbuatına açıqlamasında deyib. Dağlıq Qarabağda baş verənlərə münasibət bildirən 46 yaşlı mütəxəssis, paytaxt İrəvanda sakit yaşadıqlarını söyləyib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Mingəçevir, Gəncə, Tərtər və bir neçə digər rayonlarına raket atmasına, mülki vətəndaşları hədəf almasına baxmayaraq, Kampanya əlavə edib ki, Azərbaycan ordusu yaşayış məntəqələrinə atəş açmır:

“Düzdür, bomba səsləri eşidilir, ancaq hər şey təmas xəttində baş verir. Mən burada normal həyat tərzi keçirirəm, sakitlik hökm sürür. Əgər bir təhlükə hiss etsəydim, təyyarəyə minib İspaniyaya qayıdardım. Ancaq paytaxta toxunulmayıb, yaşadığımız yerlərə atəş açılmır”.

Kampanya Ermənistan ordusunun real gücündən də danışıb: “Burada ordu peşəkar deyil, əksəriyyət mülki şəxslərdir. Hər kəs 2 ildir məcburi hərbi xidmətdədir və günümüzdəki kimi qarşıdurmalar ortaya çıxdıqda digər insanlar da çağırılır”.

Həmin kateqoriyadan